Pentaqon ABŞ hərbçilərinin Parisdəki tədbirdə iştirakını qadağan etmək istəyib
ABŞ-nin müdafiə naziri Pit Heqsetin aparatı Fransada davam edən etirazlar fonunda amerikalı hərbçilərin Parisdə keçiriləcək Amerika futbolu (NFL) oyununda iştirakının qarşısını almağa çalışıb.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” nəşri bu barədə məsələ ilə tanış olan rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, oktyabrın 25-də Paris yaxınlığındakı “Stade de France” stadionunda “New Orleans Saints” və “Pittsburgh Steelers” komandaları arasında keçiriləcək qarşılaşmada ABŞ hərbçilərinin mərasimdə iştirakı planlaşdırılıb.
Lakin Fransada baş verən kütləvi etirazlar və iğtişaşlar səbəbindən Heqsetin komandası hərbçilərin iştirakını tamamilə ləğv etməyə çalışıb.
ABŞ Dövlət Departamenti isə qərara etiraz edərək hərbçilərin tədbirdə iştirakının diplomatik əhəmiyyət daşıdığını bildirib.
Departamentin qiymətləndirməsinə görə, Parisdə ABŞ hərbçiləri və vətəndaşları üçün təhlükəsizlik riski yüksək deyil.
Bundan sonra Pentaqon əvvəlki qərarını qismən dəyişib. Nəticədə, 10 nəfərdən az hərbçinin oyunöncəsi bayraq mərasimində iştirakına icazə verilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da Fransadakı etirazlarla əlaqədar NFL qarşılaşmasının təhlükəsizliyindən narahatlığını ifadə edib. O, oyunun təxirə salına biləcəyini bildirib.
Fransa hakimiyyəti isə kütləvi aksiyalar fonunda təhlükəsizlik tədbirlərini gücləndirib.
16:44 24.10.2026
Oxunuş sayı: 76