Katana Qafarovanın “Çin – mənim arzum” kitabı işıq üzü görüb
Bakı Dövlət Universitetinin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarovanın “Çin – mənim arzum” kitabı işıq üzü görüb.
Crossmedia.az xəbər verr ki, “Parafraz Nəşrləri” tərəfindən çapa hazırlanan kitab təkcə bir tələbənin xaricdə təhsil almaq təcrübəsindən deyil, arzuların məqsədə, məqsədlərin isə gerçəkliyə çevrilməsindən bəhs edir. Əsər oxucunu böyük xəyalların arxasınca getməyə, qarşıya qoyulan məqsədlərə çatmaq üçün səbir və əzmlə çalışmağa təşviq edir.
Kitab boyunca oxucu əldə olunan uğurlarla yanaşı, bu uğurların arxasında dayanan uzun hazırlıq mərhələləri, tərəddüdlər, məsuliyyət hissi və şəxsi inkişaf prosesi ilə də tanış olur. Müəllif öz təcrübəsi vasitəsilə uğurun yalnız arzu etməkdən deyil, ardıcıl səylərdən, düzgün qərarlardan və çətinlikləri aşmaq iradəsindən qaynaqlandığını göstərir.
Əsərdə Çin dili və mədəniyyəti, Pekində tələbə həyatı, magistratura və doktorantura təhsili, beynəlxalq akademik mühit, eləcə də xaricdə təhsil almaq istəyən gənclər üçün praktiki tövsiyələr yer alır. Bu baxımdan kitab həm şəxsi təcrübəyə əsaslanan hekayə, həm də gələcək təhsil yolunu planlaşdıran gənclər üçün faydalı bələdçi kimi diqqət çəkir.
“Çin – mənim arzum” Çinə və xaricdə təhsilə maraq göstərənlərlə yanaşı, böyük arzular qurmaqdan çəkinməyən, qarşısına məqsəd qoyan və həmin məqsədə çatmaq üçün əzmlə addımlayan bütün oxucular üçün nəzərdə tutulub. Kitabın əsas mesajı isə aydındır: insanın həyatını dəyişən təkcə arzuları deyil, həmin arzuları gerçəyə çevirmək üçün atdığı kiçik, lakin ardıcıl addımlardır.
Qeyd edək ki, kitabın redaktoru yazıçı, tərcüməçi, naşir və bədii redaktor Cavid Qədirdir.
16:52 24.10.2026
Oxunuş sayı: 60