Yaxın Şərqdəki yanğın Türkiyəyə Səudiyyə Ərəbistanına və Pakistana da sıçrayacaq - Ekspertdən proqnoz
Pakistan ordusunun komandanı Asim Munirin ABŞ və İran arasında vasitəçilik səylərini müzakirə etmək məqsədilə oktyabrın 21-də İrana rəsmi səfəri gözlənilir. Qeneralla İran rəsmiləri arasında keçiriləcək görüşlərdə Tehranla Vaşinqton arasında gərginliyin diplomatik yolla tənzimlənməsi, münaqişənin dinc məcrəyə yönəldilməsi və Yaxın Şərqdəki ümumi hərbi-siyasi vəziyyət geniş təhlil olunacaq. Xatırladaq ki, Pakistan bütün gərginlik dövründə tərəflər arasında əsas vasitəçi rolunu oynayaraq sıx təmasları saxlayıb; hətta iyun ayında ABŞ və İran danışıqların yekun razılaşma ilə nəticələnməsinə zəmin yaratmaq məqsədilə İslamabad Anlaşma Memorandumunu imzalayıblar. Bu diplomatik həmlələr region ölkələrinin genişmiqyaslı müharibə alovunun qarşısını almaq əzmini və ABŞ-ın İrana qarşı birbaşa hərbi müdaxilə imkanlarının tükəndiyini göstərir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Əhəd Məmmədli ABŞ-nin regiondakı uğursuzluğunu və diplomatik vasitəçiliyin zəruriliyini vurğulayıb:

"ABŞ-nin İsrailə uyub İranla qarşıdurmaya girməsi Vaşinqtonun uğuru ilə nəticələnmədi. ABŞ heç bir strateji hədəfinə çatmadı. ABŞ prezidenti Donald Tramp rəhbərliyin neytrallaşdırılması və ya hərbi obyektlərin vurulması haqqında bəyanatlar verə bilər, lakin mövcud mənzərə göstərir ki, İran ayaqda durmağı bacardı. Bu proses həm də Rusiyanın bölgədəki nüfuz imkanlarının genişlənməsinə şərait yaratdı".
Politoloq region ölkələrinin müharibənin yayılmasından narahat olduğunu və prosesin səngiməyə doğru getdiyini diqqətə çatdırıb:
"İndi Pakistan, Türkiyə və digər regional aktorlar vasitəçilik edirlər. Ççünki heç kim Yaxın Şərqdə böyük müharibə istəmir. Böyük müharibə böyük yanğın deməkdir və bu yanğın Pakistana, Türkiyəyə, Səudiyyə Ərəbistanına da sıçraya bilər. Ona görə də hamı məsələnin diplomatik yolla yumşalmasına çalışır. Düşünürəm ki, bu gərginlik onsuz da səngiməyə doğru gedir və bundan sonra daha da sabitləşəcək. Yəməndə və ya regional səviyyədə lokal toqquşmalar ola bilər, lakin ABŞ-nin direkt iştirakı ilə İrana qarşı genişmiqyaslı müharibə gözləmirəm".
Zeynəb Həsən
17:20 20.10.2026
Oxunuş sayı: 92