Avrasiyada güc balansı dəyişir: Çin və Belarus arasında təlimlərin "pərdəarxası"
Çin və Belarus arasında hərbi əməkdaşlığın genişləndirilməsini göstərən yeni birgə təlimlər başlayıb. Çin və Belarusun hava-desant qoşunları Hubey əyalətində “Swift Eagle 2026” adı ilə keçirilən təlimlərdə iştirak edir. Təlimlər zamanı kəşfiyyat və əks-kəşfiyyat, ərazilərin ələ keçirilməsi və mühafizəsi, həmçinin hücum və müdafiə əməliyyatları üzrə hazırlıq aparılır.
Təlimlərin əsas istiqamətlərindən biri şəhər şəraitində birgə antiterror əməliyyatlarının keçirilməsidir. Çin tərəfinin məlumatına görə, təlimlər iki ölkənin hərbçilərinin birgə fəaliyyət imkanlarının və döyüş qabiliyyətinin artırılması, praktiki təcrübə mübadiləsi və hərbi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.
Siyasi şərhçi Pərviz Mirizadə Çin və Belarus arasında keçirilən birgə hərbi təlimləri Crossmedia.az üçün şərh edib. O, "Falcon Eagle" təlimlərinin iki ölkə arasında hərbi əməkdaşlığın genişlənməsindən əlavə, Çinin Avrasiya məkanında hərbi rolunu artırmaq niyyətinin göstəricisi olduğunu bildirib:
"Çin və Belarusun birgə hərbi təlim keçirməsi iki ölkə arasında hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, hesab edirəm ki, bir növ geostrateji mesaj daşıyan məsələdir. Yəni məhz "Falcon Eagle" ("Qartal Hücumu") adlı birgə hərbi təlimlərin keçirilməsi, artıq bu adda dördüncü dəfədir hərbi təlimlərin keçirilməsi onu göstərir ki, Pekin və Minsk strateji tərəfdaşlığın hərbi ölçüsünü daha da artırırlar.
Digər bir məsələ isə ondan ibarətdir ki, bu məsələnin hərbi qanadı ilə yanaşı, siyasi mahiyyəti də onu göstərir ki, Çin üçün Belarusun məhz geosiyasi əhəmiyyəti kifayət qədər artır. Qeyd etmək lazımdır ki, Belarus Şərqi Avropa sərhədində kifayət qədər əlverişli və üstün coğrafi mövqeyə malik ölkələrdən biridir".
Siyasi şərhçi Belarusun Rusiya ilə siyasi, iqtisadi və hərbi əlaqələrinin də Pekin-Minsk münasibətlərinə təsir edən amillərdən biri olduğunu qeyd edib:
"Belarusun Rusiya ilə siyasi, iqtisadi, hərbi əlaqələri də kifayət qədərdir. Son zamanlar Pekin və Minsk xəttində də kifayət qədər ciddi inkişaf tempi, tendensiyası müşahidə olunur. Burada bir məqamı da qeyd etmək lazımdır ki, məhz Belarusun Rusiya qanadında Ukrayna, yəni Rusiyanın təhriki ilə Ukrayna müharibəsinə qatılması ehtimalı gündəmə gələndə, Çin açıq şəkildə Belarusun yanında durdu. Həm Avropaya bir mesaj göndərdi, həm də Rusiyaya məhz Belarusu müdafiə etmək istiqamətində bir mesaj göndərməklə Belarusun yanında olduğunu bildirdi".

P.Mirizadənin sözlərinə görə, Çin və Belarus arasında hərbi əməkdaşlığın dərinləşməsi Pekinin Avrasiya məkanındakı rolunun dəyişməsi baxımından da diqqət çəkir:
"Bütün bunlar hazırda Pekin və Minskin məhz strateji tərəfdaşlığının keyfiyyətinin göstəricisi kimi qiymətləndirilməlidir. Təbii ki, bunlar ona dəlalət edir ki, artıq Çin Avrasiya məkanında təkcə iqtisadi, siyasi aktor kimi yox, məhz Avrasiya məkanının hərbi təhlükəsizlik arxitekturasında müəyyən vacib rola transformasiya etmək istəyir. Yəni özünü məhz Avrasiya məkanında bir hərbi güc kimi təsdiqləmək və öz rolunu artırmağa çalışır".
O, bildirib ki, Belarusun coğrafi mövqeyi Çinin bu ölkə ilə hərbi əməkdaşlığını genişləndirməsində mühüm amillərdən biri kimi çıxış edir:
"Bu istiqamətdə Belarusla da əlaqələri genişləndirir. Çin Belarusla hərbi təlimlər keçirməklə öz hərbi dayaqlarını artırmağa çalışır. Yəni bir növ hər iki tərəfə yaxın bir hərbi güc, hərbi dayaq formalaşdırmağa çalışır. Bu isə məhz qeyd etdiyim məsələdən, Avrasiya məkanında artıq Çinin təkcə siyasi-iqtisadi aktor kimi daxil olmaq deyil, eyni zamanda hərbi aktor kimi də öz rolunu artırmaq ambisiyasından qaynaqlanan bir məsələdir".
Nigar Xəlilli
17:30 15.08.2026
Oxunuş sayı: 46