Avropadakı təhlükə Azərbaycana da yaxınlaşır: Hazır olmalıyıq
Son günlər Avropanı bürüyən rekord istilər qitədə ciddi fəsadlara səbəb olub. Belə ki, iyunun 21-dən etibarən müşahidə olunan isti hava dalğası nəticəsində 1300-dən çox artıq ölüm halı qeydə alınıb. Bir sıra ölkələrdə temperaturun 40 dərəcəni keçməsi səbəbindən fövqəladə tədbirlər görülüb. Küçələrdə polis və digər xidmət əməkdaşları insanların sərinləməsinə kömək etmək üçün su çiləyib, əhaliyə kölgədə qalmaq və zərurət olmadıqca açıq havaya çıxmamaq tövsiyə edilib. Yaşananlar digər ölkələrdə də narahatlıq yaradıb və bu cür ekstremal istilərin başqa regionlara, o cümlədən Azərbaycana təsir edib-etməyəcəyi ilə bağlı sualları artırıb.

Bu barədə Crossmedia.az-a açıqlama verən Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, Avropada müşahidə olunan ekstremal istilərin əsas səbəbi Afrikadan Avropanın içərilərinə doğru hərəkət edən tropik hava kütlələrinin uzunmüddətli antisiklon yaratmasıdır: "Buna "istilik qübbəsi" də deyirlər. Eyni zamanda hava çay, göl hövzələri və dənizlərdən buxarlanaraq suyun yuxarı qalxıb buludların əmələ gəlməsinə imkan vermir. Nəticədə hava buludsuz və eyni zamanda çox rütubətli olur. Yəni buxarlanan rütubət havada aşağı qatlarda asılı qalır. Bu da ekstremal istilərin müşahidə olunmasına səbəb olur. Bu antisiklon bir müddət dayanır. Çünki antisiklonda havanın yuxarıdan aşağıya və mərkəzdən kənara doğru hərəkəti baş verir. Bu da imkan verir ki, hava stabil şəkildə buludsuz qalsın. Günəş şüalarının düşmə bucağı da bu vaxtlar, yəni iyun ayında Avropada çox yüksək olur. Bu da ekstremal istilərin əmələ gəlməsinə səbəb olur".
Ekoloq bu vəziyyətin Azərbaycana təsirindən də danışıb:
"Adətən Azərbaycan həmin ərazidən bir qədər məsafədə yerləşir. Avropadan gələn hər hansı hava kütləsi yolda transformasiyaya uğrayır, yəni daha yumşalır. Əgər çox yağıntı varsa, daha az miqdarda gəlir, çox isti və yaxud soyuq hava varsa, bir qədər yumşalaraq Azərbaycan ərazisinə daxil olur. Buna görə də ilk növbədə modellərə baxmaq lazımdır. Bunu demək mümkün deyil ki, gələcək, yoxsa gəlməyəcək. Amma fakt odur ki, Azərbaycanda isti günlər olacaq və biz bu istilərə hazır olmalıyıq".
Fatimə Məmmədova
12:00 30.06.2026
Oxunuş sayı: 45