Bakıda "Türk Dünyası Həftəsi": Ortaq tarixdən ortaq gələcəyə
Türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və elmi inteqrasiyanın yeni mərhələyə qədəm qoyduğu bir dövrdə Azərbaycanın növbəti dəfə mühüm beynəlxalq platformaya ev sahibliyi etməsi təsadüfi deyil. Bu gün ölkəmizdə keçirilən Türk Dünyası Həftəsi təkcə təqvimdə yer alan növbəti beynəlxalq tədbir deyil, ortaq tarixə, dilə, mədəniyyətə və gələcəyə söykənən türk həmrəyliyinin nümayiş olunduğu strateji əhəmiyyətli platformadır. Son illər Türk dünyasının inteqrasiyası istiqamətində mühüm proseslər baş verir. Ortaq iqtisadi layihələr, nəqliyyat dəhlizləri, enerji əməkdaşlığı, təhlükəsizlik məsələləri, humanitar əlaqələr və mədəni inteqrasiya artıq türk dövlətləri arasında münasibətlərin əsas istiqamətlərinə çevrilib. Bu baxımdan Türk Dünyası Həftəsinin məhz Azərbaycanda keçirilməsi ölkəmizin türk coğrafiyasında oynadığı aparıcı rolun, etibarlı tərəfdaş statusunun və birləşdirici missiyasının növbəti dəfə beynəlxalq səviyyədə təsdiqlənməsi kimi qiymətləndirilə bilər. Azərbaycan yalnız coğrafi baxımdan deyil, siyasi iradəsi, həyata keçirdiyi təşəbbüslər və uğurlu diplomatiyası ilə də Türk dünyasının əsas əlaqələndirici mərkəzlərindən birinə çevrilib. Xüsusilə son illərdə əldə olunan siyasi uğurlar, regional əməkdaşlıq layihələri və Türk dövlətləri arasında münasibətlərin dərinləşdirilməsi istiqamətində atılan addımlar Bakını türk inteqrasiyasının ən mühüm ünvanlarından biri edib.
Bakıda keçirilən “Türk Dünyası Həftəsinin” əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı Cavanşir Paşazadə Crossmedia.az-a açıqlama verib:
“Türk Dünyası Həftəsinin Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bu, Azərbaycanın Türk dünyasının birliyinə, ortaq tarixinin, dilinin, mədəniyyətinin və mənəvi dəyərlərinin qorunmasına verdiyi davamlı töhfənin bariz ifadəsidir. Bir əsr əvvəl – 1926-cı ildə məhz Bakıda keçirilən Birinci Türkoloji Qurultay Türk xalqlarının elmi, mədəni və mənəvi birliyinin formalaşmasında mühüm dönüş nöqtəsi olmuşdur. Bu gün həmin tarixi hadisənin 100 illiyinin yenidən Azərbaycanda qeyd olunması ölkəmizin Türk dünyasının humanitar mərkəzlərindən biri kimi rolunu bir daha təsdiqləyir. Son illərdə Azərbaycan Türk Dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmiz Türk xalqları arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat və enerji layihələrinin inkişafına, mədəni-humanitar əməkdaşlığın güclənməsinə mühüm töhfələr verir. Azərbaycanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bir çox layihələr bu birliyin daha da möhkəmlənməsinə xidmət edir. Qarabağın azad olunmasından sonra Şuşa, Xankəndi və Ağdam kimi şəhərlərdə beynəlxalq tədbirlərin keçirilməsi də xüsusi məna daşıyır. Bu, Azərbaycanın öz tarixi torpaqlarında sülh, inkişaf və beynəlxalq əməkdaşlıq mühitini bərpa etdiyini, eyni zamanda Türk dünyasının bu torpaqlarla həmrəyliyini nümayiş etdirdiyini göstərir. Türk Dünyası Həftəsi bir daha sübut edir ki, ortaq tarix, ortaq dil və ortaq mədəniyyət bizi keçmişlə yanaşı gələcəyə də bağlayan ən güclü dəyərlərdir. Bu birlik təkcə mədəni deyil, həm də siyasi, iqtisadi və strateji əməkdaşlığın möhkəmlənməsi üçün etibarlı platformadır”.

Deputat əlavə edib ki, Azərbaycan bu gün Türk dünyasının birləşdirici mərkəzlərindən biri kimi çıxış edir və bu istiqamətdə üzərinə düşən tarixi missiyanı uğurla davam etdirir: “İnanıram ki, Türk Dünyası Həftəsi qardaş xalqlar arasında həmrəyliyin, qarşılıqlı etimadın və ortaq gələcəyə inamın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.
Ayhan
18:21 29.06.2026
Oxunuş sayı: 97