Bu gün regionda təhlükəsizliyin əsas təminatçısı Azərbaycan Ordusudur
NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi və tərəfdaşlıqlar üzrə baş katib köməkçisinin müavini səfir Kevin Hamilton NATO-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə bağlı rəsmi mərasim zamanı çıxışında Azərbaycanı NATO-nun etibarlı və dəyərli tərəfdaşı kimi qiymətləndirib. O qeyd edib ki, Azərbaycan ilə NATO arasında uzunmüddətli tərəfdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlaşmasına və modernləşdirilməsinə mühüm töhfə verib və bu gün Azərbaycan Silahlı Qüvvələri NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir. Bu gün Azərbaycan Ordusunun hazırlıq qabiliyyəti, təlimləri NATO standartlarına uyğun şəkildə aparılır. Və nəzərə alınmalıdır ki, Azərbaycan NATO-nun ən güclü tərəfdaşlarından biri olan Türkiyə ilə qardaşlıq münasibətindədir.
Milli Məclisin
deputatı Hikmət Babaoğlu Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan
Ordusu uzun illərdir ki, öz konsepsiyasını, hazırlıq sistemini, strategiyasını,
eləcə də bütün təlim və təhsil prosesini NATO standartları əsasında qurur: “Bu
istiqamətdə əsas tərəfdaşımız isə, heç şübhəsiz, NATO üzvü olan qardaş Türkiyədir.
Bu əməkdaşlıq ordumuzun standartlarının daha da yüksəldilməsi üçün geniş
imkanlar yaradır. Əslində, Azərbaycan
Ordusunun tətbiq etdiyi NATO standartları ən yüksək döyüş hazırlığına malik
ordulardan biri olan Türkiyə Silahlı Qüvvələrinin təcrübəsinə əsaslanır. Çünki
NATO üzvü olan elə ölkələr var ki, onların orduları uzun illərdir real döyüş şəraitində
formalaşmayıb. Onlar əsasən sülh dövründə keçirilən təlimlərdə iştirak edir,
müxtəlif silah və vasitələrin praktiki tətbiqini məşq edirlər. Türkiyə Ordusu
isə bütün bunları real döyüş meydanında tətbiq edib. Türkiyə 1984-cü ildən bu
günə qədər müxtəlif hərbi əməliyyatlar və münaqişələrdə iştirak edib döyüşərək
peşəkar və mükəmməl bir ordu formalaşdırıb. Azərbaycan Ordusu da məhz bu
standartlar əsasında inkişaf edən bir ordudur və XXI əsr müharibəsinin ən
uğurlu nümunələrindən birini ortaya qoyub”.

Deputat əlavə
edib ki, məhz buna görə də müharibədən dərhal sonra Azərbaycan Prezidenti bəyan
etdi ki, biz ordumuzu gücləndirməyə davam edəcəyik: “Yeni silahların alınması,
müasir texnologiyaların tətbiqi, eləcə də qabaqcıl hərbi təcrübələrin mənimsənilməsi
daim Azərbaycanın diqqət mərkəzindədir. Bütün bunlar isə, şübhəsiz ki, Azərbaycan
Ordusunun döyüş qabiliyyətinin daha da artırılmasına xidmət edir. Doğrudur,
2026-cı il üzrə beynəlxalq reytinqlərdə Azərbaycan Ordusu dünyanın 154 ölkəsi
arasında ən güclü 50 ordu sırasında yer alıb. Lakin belə reytinqlər hazırlanarkən
əsas meyarlardan biri ordunun şəxsi heyətinin sayıdır. Bu baxımdan Azərbaycan bəzi
ölkələrdən geri qalır ki, bu da ölkəmizin əhalisinin sayı ilə bağlıdır. Ancaq şəxsi
heyətin sayını bir kənara qoyaraq ordunun döyüş qabiliyyəti, mobilliyi, çevik qərarvermə
imkanları, müasir texnologiyaların, pilotsuz uçuş aparatlarının (PUA), silahlı
pilotsuz uçuş aparatlarının (SİHA) və digər yüksək texnologiyaların hibrid şəkildə
tətbiqi kimi meyarlar nəzərə alınarsa, Azərbaycan Ordusunu bəlkə də dünyanın
ilk onluğu sırasında qiymətləndirmək olar. Bu isə hər birimiz üçün qürur mənbəyidir.
Buna görə də Azərbaycanın NATO ilə əməkdaşlığı bundan sonra da davam edəcək.
Çünki bu əməkdaşlıqla bağlı mövcud razılaşmalar var və həmin razılaşmalara
uyğun olaraq əməkdaşlıq müəyyən olunmuş qrafik əsasında davam etdiriləcək. Hansı
şəraitdə olmasından asılı olmayaraq, Azərbaycan öz ordusunu daha da gücləndirməkdə
qətiyyətlidir. Çünki bu gün regionda təhlükəsizliyin əsas təminatçısı məhz Azərbaycan
Ordusudur. Məhz buna görə də biz Silahlı Qüvvələrimizlə fəxr edirik”.
Ayhan
11:35 27.06.2026
Oxunuş sayı: 142