NATO nümayəndəsindən Azərbaycana mühüm səfər: Hamiltonun portfelində nələr var?
NATO ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələri uzun illərdir müxtəlif istiqamətlər üzrə inkişaf etdirilir. Xüsusilə təhlükəsizlik, müdafiə və hərbi əməkdaşlıq sahələrində həyata keçirilən proqramlar iki tərəf arasında əlaqələrin mühüm istiqamətlərindən biri hesab olunur. NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonun Azərbaycana səfəri də bu əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir.

Sözügedən səfərin əhəmiyyəti barədə politoloq Elxan Şahinoğlu Crossmedia.az-a danışıb.
Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən etibarən NATO ilə müxtəlif proqramlar çərçivəsində fəal əməkdaşlıq edib: “Azərbaycan müstəqilliyini qazandığından bu yana NATO-nun müxtəlif proqramlarında iştirak edib. İlk proqram "Sülh naminə tərəfdaşlıq" proqramı idi. Həmin proqramdan başlayaraq ikitərəfli əlaqələrə xidmət edən digər proqramlara qədər Azərbaycan hər zaman NATO ilə əməkdaşlığı yüksək səviyyədə saxlayıb. Bu əməkdaşlıq həm NATO, həm də Azərbaycan üçün əhəmiyyətlidir”.
Politoloq vurğulayıb ki, bu əməkdaşlıq Azərbaycanın Silahlı Qüvvələrinin inkişafı baxımından da mühüm rol oynayır: “Azərbaycan üçün bu əməkdaşlığın əhəmiyyəti ondan ibarətdir ki, ölkə öz ordusunu dünya standartlarına uyğunlaşdırır. Azərbaycanın əsas strateji tərəfdaşı Türkiyədir və o, NATO-nun ən böyük üzv dövlətlərindən biridir. Türkiyə Alyansın ikinci ən böyük ordusuna malikdir. Bu baxımdan Azərbaycan ordusunda Türkiyə standartlarının tətbiqi, əslində, NATO standartlarının tətbiqi deməkdir”.
E.Şahinoğlu hesab edir ki, NATO nümayəndəsinin məhz Azərbaycanın Ordu Günündə Bakıya səfər etməsi xüsusi əhəmiyyət daşıyır: “NATO nümayəndəsinin Azərbaycanın Ordu Günündə ölkəmizə səfər etməsi və bu çərçivədə keçirilən müzakirələr iki tərəf arasında əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.
Ayxan İbişov
14:50 26.06.2026
Oxunuş sayı: 59