Oman Hörmüz boğazında müvəqqəti rüsumsuz tranzit dəhlizi açıb
Oman Hörmüz boğazından keçən gəmilərin hərəkətini asanlaşdırmaq məqsədilə müvəqqəti rüsumsuz tranzit dəhlizi yaradıb.
Crossmedia.az xəbər verir ki, Oman Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, təşəbbüs International Maritime Organization (IMO) ilə koordinasiya şəraitində həyata keçirilir.
Bildirilib ki, yeni tranzit dəhlizi ABŞ və İran arasında əldə olunan razılaşmalar fonunda yaradılıb. Layihənin əsas məqsədi Hörmüz boğazından keçən beynəlxalq dəniz nəqliyyatının təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməkdir.
Məlumata əsasən, marşrutdan istifadə etmək istəyən gəmilər hərəkətlərini əvvəlcədən IMO və Omanın aidiyyəti qurumları ilə razılaşdırmalıdır. Tranzit keçidlər təşkilat və Oman hakimiyyəti tərəfindən müəyyən edilmiş koordinasiya qaydalarına uyğun şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əhəmiyyətli hissəsinin həyata keçirildiyi strateji su yollarından biri hesab olunur.
16:29 24.06.2026
Oxunuş sayı: 59