Xalqın “yox” sayıldığı ölkə: Ermənistanın yeni hakimiyyət mənbəyi indi haradır?
Cənubi Qafqazın geosiyasi mənzərəsi son bir neçə ildə köklü dəyişikliklərə məruz qalıb. 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar regionda onilliklərdir davam edən "status-kvo"nu darmadağın etdi. Bu gün Ermənistanda müşahidə olunan daxili siyasi təlatümlər, əslində, İrəvanın onilliklərdir davam edən "iki stulda oturmaq" siyasətinin iflasıdır. Tarixən Çar Rusiyasının, ardınca isə SSRİ-nin "forpostu" rolunda çıxış edən Ermənistan, bu gün özünü daha təhlükəli bir oyunun Qərb və Rusiya arasındakı qlobal qarşıdurmanın mərkəzində tapıb.
Xatırladaq ki, 2018-ci ildə "məxməri inqilab" dalğası ilə hakimiyyətə gələn Nikol Paşinyan ilk gündən etibarən Rusiyanın hərbi-siyasi təsir dairəsindən qopmağa çalışsa da, bu cəhdlər hər dəfə Ermənistanın dövlətçilik sütunlarını sarsıdıb. 2020-ci ilin noyabr bəyanatından sonra İrəvanın xarici siyasətindəki kəskin "U-dönüşü" –Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ( KTMT) uzaqlaşma, Avropa İttifaqının (Aİ) monitorinq missiyasını sərhədə dəvət etməsi və ABŞ ilə hərbi təlimlər – Moskvanın Ermənistandakı iqtisadi və hərbi rıçaqlarını (Qazprom, Ermənistan Dəmir Yolları, 102-ci hərbi baza) hərəkətə gətirib.
Bu gün Ermənistan daxilindəki "lobbi savaşı" sadəcə hakimiyyət davası deyil; bu, Ermənistanın gələcəkdə hansı qütbün "peyk dövlətinə" çevriləcəyi uğrunda gedən amansız mübarizədir. Ermənistanın daxili siyasi mühitində müşahidə olunan təlatümlər sadəcə hakimiyyət davası deyil, həm də regionun gələcək arxitekturasını müəyyən edəcək strateji bir seçimdir. Bir tərəfdə tarixi asılılıqlar, digər tərəfdə isə yeni "himayədar" axtarışları arasında qalan rəsmi İrəvanın bu gərginliyi, regionun əsas söz sahibi olan Azərbaycanla münasibətlər kontekstində daha kritik bir əhəmiyyət kəsb edir.

Siyasi şərhçi Azad Məsiyev Ermənistanda yaşanan son siyasi prosesləri, lobbilər arasındakı qarşıdurmanı və rəsmi İrəvanın gələcək taleyini Crossmedia.az-a şərh edib. Ermənistanda ciddi siyasi təlatümlərin yaşandığını qeyd edən Azad Məsiyev bildirib ki, hazırda erməni lobbisinin Qərb və Rusiya qanadları arasında kəskin bir savaş gedir:
“Bu mübarizə Ermənistanın gələcək taleyinin hansı qütbün nəzarətində olacağı sualından qaynaqlanır. Tarixən Ermənistan dövləti və erməni xalqı müstəqil, suveren siyasət həyata keçirə bilməyib. Həmişə böyük güclərin himayəsi və təsiri altında idarə olunub. Bu gün də həmin proses Ermənistanda davam etməkdədir. Paşinyan ABŞ-ın himayəsi altında hakimiyyətə gətirilib. Paşinyanın apardığı siyasət açıq şəkildə Amerika yönümlü bir siyasətdir. Təbiidir ki, Ermənistandakı erməni lobbisinin Rusiya qanadı Paşinyanın bu siyasətindən narazıdır. Bu baxımdan, Ermənistanda lobbilər arasında bir savaş gedir. Ermənistanda xalq parlament üzvlərini seçməyəcək. Ermənistanda demokratik seçkidən söhbət gedə bilməz. Ermənistanda kim güclüdürsə, o da hakimiyyətdə qalacaqdır. Fikir verirsinizsə, Aİ-dən Paşinyana həm maddi, həm də siyasi dəstək gəlməkdədir. Paşinyanı hakimiyyətdə qoruyub saxlamaq üçün addımlar atılır və açıq dəstək bəyanatlarını, maliyyə dəstəyini eşidirik. Hətta Paşinyanın partiyası açıq şəkildə Aİ-yə müraciət edir ki, onlara dəstək versinlər. Bu, o deməkdir ki, erməni hakimiyyətinin mənbəyi xalq olmayacaq, Aİ olacaq. Bu baxımdan, Ermənistanda da bu cür siyasət davam etməkdədir. Yəni, xalqın iradəsi ilə formalaşan bir parlament olmayacaq. Sadəcə Ermənistanda hansı lobbi güclüdürsə, o da hakimiyyəti ələ keçirəcəkdir. Yəni, Ermənistanda sadəcə seçki görüntüsü yaradılacaqdır. Prosesin gedişi bunu açıq şəkildə göstərməkdədir”.
Ermənistanın gələcək taleyi qonşularla dinc yanaşı yaşama prinsipindən qaynaqlandığını vurğulayan ekspert əlavə edib:
“Əgər Ermənistan dövləti öz suverenliyini qoruyub saxlamaq istəyirsə, mütləq qonşularla münasibətlərini gücləndirməlidir. Dinc yanaşı yaşama prinsipinə əməl etməlidir. Paşinyanın apardığı siyasət Qərbyönümlü olduğuna görə, o, həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən Rusiyanın təsir dairəsindən çıxıb qərbə doğru inteqrasiya etmək istəyir. Bunun üçün də mütləq şəkildə qonşularla münasibətlərini bərpa etməlidir. Ona görə ki, Rusiyanın Ermənistana iqtisadi sahədə təsiri daha genişdir. Əgər Rusiyanın siyasi kursundan imtina edib Aİ-yə doğru inteqrasiya edəcəksə, bu zaman iqtisadi proseslər də aradan qaldırılmalıdır. Ona görə də Ermənistan-Azərbaycan arasında nəqliyyat infrastrukturu aradan qaldırılmalıdır ki, dəmiryolu vasitəsilə dünya iqtisadiyyatına inteqrasiya etsin. Eyni zamanda, Avropa ilə iqtisadi münasibətləri gücləndirmək üçün mütləq şəkildə Türkiyə ilə münasibətlərini gücləndirməlidir ki, iqtisadi cəhətdən Türkiyə üzərindən Avropaya iqtisadi baxımdan münasibətlərini bərpa edə bilsin. Məsələ də burasındadır ki, Ermənistan cəmiyyətində hələlik Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik hissindən tam azad olunmayıb. Bu baxımdan, Ermənistanda kimin hakimiyyətə gəlməyindən asılı olmayaraq, mütləq şəkildə qonşularla münasibətlərini inkişaf etdirməlidir. Əks təqdirdə, dünya siyasi-iqtisadi sistemi ilə təcrid oluna bilər”.
Politoloq, həmçinin revanşist qüvvələrin yaratdığı təhlükələr və Azərbaycanın tarixi torpaqları barədə xəbərdarlıq edərək deyib:
"Ermənistanda avantürist qüvvələr hakimiyyətə gələrsə, onda Cənubi Qafqazda gərginlik yarana bilər. Çünki bəzi avantürist partiyalar böyük Ermənistan xülyasında yaşayırlar və bu təbliğatı da aparırlar. Əgər yenə də Azərbaycanın ərazisinə, Türkiyənin ərazisinə torpaq iddiası ilə çıxış edəcəklərsə, bu iddianı gündəmdə saxlayacaqlarsa, onda təbii ki, Azərbaycan xalqı yaxın keçmişini unutmur. Bildiyiniz kimi, Zəngəzur, Göyçə Azərbaycanın qədim torpaqlarıdır. Biz bu torpaqlardan imtina etməmişik və qayıtmaq hüququmuzu da gündəmdə saxlayırıq. Çünki yarım milyona yaxın soydaşlarımız Ermənistandan deportasiya olunub, qovulublar və onların geri qayıtma məsələsi gündəmə gəlməlidir. Biz eyni zamanda Xocalı soyqırımını unutmamışıq; Ermənistan dövlətinin sifarişi ilə Xocalı soyqırımı törədilib. Eyni zamanda, Azərbaycanda hər gün mina terroruna məruz qalmışıq və mina terrorundan nə qədər insan zərər görüb. Bunun təzminat məsələsini gündəmə gətirməliyik. Yəni, Ermənistanda avantürist dairələr hakimiyyətə gələrsə, Azərbaycanın torpaq iddiasını gündəmə gətirərsə, Azərbaycanın ərazi bütövlüyünü tanımarsa, bu zaman onlara uyğun olaraq Azərbaycan tərəfindən davranış olacaqdır. Çünki Azərbaycan xalqı yaxın keçmişini, öz tarixi torpaqlarını unutmur və həmişə də bunu gündəmdə saxlamaqdadır.
Ümumilikdə, Ermənistan və erməni xalqı tarixən suveren, müstəqil bir xalq olmamışdır. Həmişə böyük güclərin əlində alətə çevrilərək istifadə olunub. İstər Çar dövründə, istər SSR dövründə, istərsə də müstəqillik dövründə indiki Rusiyanın əlində alətə çevrilərək Azərbaycana qarşı müəyyən təzyiq vasitəsi kimi istifadə olunub. İndi isə Qərbin əlində təzyiq vasitəsinə çevrilib. Biz bunu 44 günlük Vətən müharibəsindən dərhal sonra da görmüşük. Çünki Avropa və Qərb Azərbaycana qarşı həmişə Ermənistan üzərindən öz məqsədlərinə çatmaq üçün ermənilərdən istifadə edib. Bu isə uğurlu nəticələnməyib. Hesab edirəm ki, Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, istər Paşinyanın partiyası hakimiyyətdə olsun, istərsə də digər bir partiya hakimiyyətə gəlsin, əgər erməni xalqı və erməni dövləti öz suverenliyini, müstəqilliyini qorumaq istəyirsə, mütləq şəkildə qonşularla, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərini bərpa etməlidir. Əks təqdirdə, Ermənistan iqtisadi və siyasi sistemdən təcrid olunacaq. Cənubi Qafqazda söz sahibi Azərbaycandır. Azərbaycanla münasibətlərini yaxşılaşdırmayan hər hansı bir dövlət böyük layihələrdən kənarda qala bilər, bu da Ermənistan dövlətinə uğur gətirməyəcəkdir. Ümumilikdə, Cənubi Qafqazda stabilliyin yaranması həm regional, həm də geosiyasi baxımdan vacib məsələdir. Çünki Cənubi Qafqaz Şərqlə Qərbin qovuşduğu bir məkandır. Şimal-Cənub dəhlizinin işlək vəziyyətə gəlməsi üçün, Orta Dəhlizin bir qolu olan Zəngəzur dəhlizinin işlək vəziyyətə gətirilməsi üçün, nəqliyyat infrastrukturunun bərpası üçün, eyni zamanda elektron kommunikasiya xətlərinin, kabel xətlərinin işlək vəziyyətə gəlməsi üçün, yaşıl enerji layihələrinin həyata keçirilməsi üçün mütləq şəkildə Cənubi Qafqazda stabilliyin yaranması vacibdir. Bu baxımdan, Ermənistanda hakimiyyətə gələn qüvvələr mütləq şəkildə Azərbaycanla münasibətlərini bərpa etməlidir ki, belə layihələrdən kənarda qalmasınlar. Avantüristlərin hakimiyyətə gəlməsinin ən böyük ziyanını erməni xalqı çəkəcək”.
Həmayıl Şükürova
18:49 06.04.2026
Oxunuş sayı: 66