Enerji siyasəti Vətən müharibəsində Qələbəmizdə müstəsna rol oyandı - Komitə sədri
Prezident İlham Əliyevin “Baku Energy Forum”da səsləndirdiyi “Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir” fikri bu layihənin qlobal enerji təhlükəsizliyində oynadığı mühüm rolu əks etdirir. Son illərdə Avropada enerji təchizatı ilə bağlı yaranan risklər və geosiyasi gərginliklər fonunda Cənub Qaz Dəhlizi alternativ və etibarlı enerji marşrutu kimi strateji əhəmiyyət qazanıb. Azərbaycan qazını Avropa bazarlarına çatdıran bu dəhliz təkcə enerji mənbələrinin şaxələndirilməsinə xidmət etmir, eyni zamanda Azərbaycanı regionun əsas enerji tərəfdaşlarından birinə çevirir. Bəs Cənub Qaz Dəhlizinin bu gün Avropa və region üçün əhəmiyyəti nədən ibarətdir və onun gələcək perspektivləri necə qiymətləndirilə bilər?
Mövzu ilə bağlı Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Crossmedia.az-a açıqlama verib:

“Müstəqillik əldə etdikdən sonra Azərbaycan qarşısında duran əsas suallardan biri təbii sərvətlərdən necə istifadə etmək məsələsi idi. Bir çox ölkələr enerji ehtiyatlarına malik olsalar da, onların hamısı enerji ehtiyatlarını dövlət müstəqilliyinin, iqtisadi gücün və beynəlxalq nüfuzun mühüm alətinə çevirə bilməyib. Azərbaycanın fərqi ondan ibarət oldu ki, enerji siyasəti iqtisadi gəlir mənbəyi olmaqla bərabər, həm də dövlətçilik strategiyasının ayrılmaz hissəsi kimi formalaşdırıldı.
Ulu öndərin əsasını qoyduğu enerji strategiyası Qarabağın azadlığında mühüm rol oyandı. Lakin Avropa bazarlarına çıxmaq üçün siyastini deivesifikasiya etməklə regional və beynəlxalq risqlərdən qorunmaq mümkün oldu. Altertaniv xətlərdən biri Cənub Qaz Dəhlizi yalnız regional layihə kimi görünsə də üzərindən on illər keçdikdən sonra təşəbbüs artıq Avropanın enerji təhlükəsizliyinin əsas sütunlarından birinə çevrilib. Azərbaycan hazırda 10-dan çox ölkəyə təbii qaz ixrac edir və onların böyük hissəsi Avropa məkanında yerləşir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak edən strateji tərəfdaşdır. Xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra enerji bazarlarında yaranan qeyri-müəyyənlik fonunda Azərbaycanın rolu daha da artıb. Bir çox dövlətlər üçün ölkəmizin yürütdüyü siyasət iqtisadi sabitlik və enerji təhlükəsizliyi amilidir.
Məhz buna görə də 2022-24-cü illərdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Bakıya səfər edərək Azərbaycanı Avropa İttifaqının etibarlı enerji tərəfdaşı adlandırmışdı”.
Deputat əlavə edib ki, həmin dövrdən başlayaraq, Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoydu: “Nəticələr uzun illər ərzində qurulan etimadın və öhdəliklərinə sadiqliyin beynəlxalq təsdiqi idi.
Dünən Bakı Enerji Forumunda çıxış edən Prezident İlham Əliyev də Vətən müharibəsində Qələbəmizdə müstəsna rol oynayan enerji siyasətini və yaranan yeni geosiyasi, geoiqtisadi reallıqları bir daha diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, enerji milli təhlükəsizliyin ayrılmaz hissəsidir və Azərbaycan uzun illərdir tərəfdaşlarının etibarlı təchizatçısı kimi çıxış edir. Prezident qeyd etdi ki, 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirmiş, sonrakı dövrdə isə təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələri ilə Avrasiyanın mühüm enerji mərkəzlərindən birinə çevrilmişdir.
Forumda səslənən digər mühüm məqamlardan biri enerji siyasətinə münasibətdə realizmin qorunması idi. Prezident İlham Əliyev bildirdi ki, yaşıl enerji keçidi vacib olsa da, dünya hələ uzun illər neft və qaz ehtiyatlarından istifadə etməyə davam edəcək. Əsaslı baxış Azərbaycanın son illərdə müdafiə etdiyi mövqenin beynəlxalq səviyyədə daha geniş qəbul edilməyə başladığını göstərir.
ABŞ liderləri tarixində ölkəmizin rəhbərinə davamlı etimadı ilə seçilən və 8 avqust Vaşinqton Zirvəsi ilə Qələbəmizin legitimliyini tanıyan Donald Trampın Bakı Enerji Həftəsinə ünvanladığı məktub və sosial mediada paylaşdığı mesaj xüsusi diqqət çəkir. Prezident İlham Əliyev forumda çıxışı zamanı Trampın məktubunu yüksək qiymətləndirərək bildirdi ki, bu, Bakı Enerji Həftəsinin qlobal enerji gündəmində tutduğu yerin göstəricisidir. Dövlət başçısı hətta xüsusi olaraq vurğuladı ki, Donald Tramp enerji siyasətində "normallığın bərpasına" töhfə verib və uzun illər neft-qaz istehsalçılarına qarşı aparılan qərəzli münasibətlərin dəyişməsində mühüm rol oynayıb.
Əslində açıq və tərəfdaşlıq münasibətləri yalnız enerji məsələsi yox, Azərbaycanın son illərdə qazandığı geosiyasi çəkinini də özündə əks etdirir. Dünyanın aparıcı dövlətlərinin rəhbərləri artıq Azərbaycanı enerji istehsalçısı və regional sabitliyin təmin edilməsində mühüm tərəfdaş kimi qiymətləndirirlər.
Digər mühüm məqam bizi Ermənistanla sülh prosesinə gətirir. Uzun illər ərzində Cənubi Qafqaz münaqişələr, işğal və qarşıdurmalar bölgəsi kimi tanınıb. Lakin 44 günlük Vətən müharibəsi və 2023-cü ildə ölkəmizin suverenliyinin tam bərpasından sonra regionun qarşısında yeni tarixi imkan yaranıb. İlk dəfədir ki, Cənubi Qafqazda dayanıqlı sülh, iqtisadi inteqrasiya və regional əməkdaşlıq üçün real zəmin formalaşıb”.
Deputat, həmçinin bildirib ki, regional və qlobal toqquşmalardan, təchizat zəncirləri, qitələrarası ticarət qovşaqlarının embarqolara məruz qalmasından sonra Bakının yürütdüyü sabit enerji layihələri ilə nəqliyyat dəhlizləri bir-birini tamamlayır: “Vaxtilə Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi regionun enerji xəritəsini dəyişdirdiyi kimi, gələcəkdə Zəngəzur dəhlizi və yeni kommunikasiya xətləri də iqtisadi xəritəni dəyişdirə bilər. Əgər Ermənistanda 7 iyunda keçirilən seçkilərdə Bakının sülh iradəsi xalq tərəfindən də ikinci dəfə təsdiqlənərsə, tarixi fürsəti düzgün qiymətləndirilər, uzun illər davam edən təcrid siyasətindən çıxaraq regional əməkdaşlığın iştirakçısına çevrilə bilər.
Əslində Azərbaycanın təqdim etdiyi model çox sadədir: enerji əməkdaşlığı, nəqliyyat inteqrasiyası və qarşılıqlı iqtisadi maraqlar üzərində qurulan sülh. Seçilən strategiya artıq Avropada özünü doğruldub. İndi həmin yanaşma Cənubi Qafqaz üçün də tətbiq oluna bilər.
Azərbaycanın enerji siyasətinin ən böyük uğuru ondan ibarətdir ki, ölkəmiz təbii sərvətlərini yalnız iqtisadi gəlir mənbəyinə çevirməyib. Ölkəmiz coğrafi mövqeyini və hərbi qələbələrini paylaşır, yeni geosiyasi arxitektura qurur və beynəlxalq nüfuzunu, siyasi etimadını və regional liderliyini gücləndirir. Avropanın enerji təhlükəsizliyi, ABŞ-la strateji əməkdaşlıq, Türk dünyasının enerji inteqrasiyası və Cənubi Qafqazda sülh perspektivləri eyni geosiyasi xətt üzərində birləşir.
Həmin vektorun mərkəzində isə Azərbaycan dayanır”.
Ayhan
17:04 02.06.2026
Oxunuş sayı: 55