Alış-verişə daha az pul xərcləyə bilərsiniz - Diqqət
Onlayn alış-veriş insanların məhsulları daha rahat və sürətli şəkildə əldə etməsinə imkan yaradır. Məhsulların çeşidinin çox olması, müxtəlif seçim imkanlarının və digər alıcıların rəylərinin əlçatanlığı bu alış-veriş formasını daha da cəlbedici edir. Lakin rahatlıqla yanaşı, onlayn platformalarda ehtiyacdan artıq alış-veriş etmək və daha çox pul xərcləmək riski də müzakirə olunur. Bəs onlayn alış-veriş insanları daha çox pul xərcləməyə vadar edirmi? Bu vərdiş daha çox hansı insanlarda müşahidə olunur və həddindən artıq alış-verişin qarşısını necə almaq olar?
Mövzu ilə bağlı psixoloq Sibel Piriyeva Crossmedia.az-a açıqlamasında qeyd edib ki, onlayn alış-veriş vaxt baxımından əlverişli olmaqla yanaşı, insanlara eyni məhsul üzrə müxtəlif seçim imkanları yaradır: “Onlayn alış-veriş insanlar üçün vaxt baxımından səmərəlidir. Eyni məhsulun müxtəlif çeşidləri olur və bu səbəbdən insanın bir yox, bir neçə seçim haqqı yaranır. Digər tərəfdən, onlayn alış-veriş zamanı məhsulların altında rəylər yazılır. Bu da insanın seçimində yanılmaması üçün əlverişli imkan yaradır. Onlayn alış-verişin insanları mütləq şəkildə daha çox pul xərcləməyə vadar etdiyini əminliklə deyə bilmərik. Bu, insandan-insana dəyişir. Daha çox onlayn alış-veriş edən insanlara gəldikdə isə deyə bilərik ki, streslə mübarizəsi aşağı olan şəxslərdə bu hal daha çox müşahidə oluna bilər. Həmçinin evliliyi uğursuz olan qadınlarda, özünü cəmiyyətdə yalnız geyim və makiyajla sübut etməyə çalışan insanlarda belə hallar baş verə bilər. Kişilərdə də bu, yalnız geyim vasitəsilə öz sosial rolunu sübut etməyə çalışma formasında özünü göstərə bilər”.

S.Piriyeva qeyd edib ki, alış-verişə həddindən artıq pul xərcləyən insanlar olur:
“Amma pulunu idarə etməyi və streslə mübarizə aparmağı bacaran, geyimə həddindən artıq üstünlük verməyən insanlar onlayn alış-veriş zamanı da çox pul xərcləməyəcəklər. Onlar baxa bilərlər, amma hədsiz dərəcədə alış-veriş etməyəcəklər”.
Zərnigar Hüseynli
13:00 01.09.2026
Oxunuş sayı: 45