Ötən ay 7568,9 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqust ayında 121 tank əleyhinə mina, 514 piyada əleyhinə mina, 2724 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Crossmedia.az xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.
Məlumata əsasən, 7568, 9 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
10:48 01.09.2026
Oxunuş sayı: 44