ABŞ-dən Omana sərt ultimatum: İranla əlaqələri kəs, yoxsa...
ABŞ administrasiyası Omanı İranla münasibətlərini məhdudlaşdırmağa çağırıb və Maskata xarici siyasətdə “tərəf seçməsi” üçün təzyiq göstərib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin "The Wall Street Journal" (WSJ) nəşri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqton Omanın İranla birlikdə Hörmüz boğazından keçən gəmilərdən rüsum toplamaq planlarını Tehranla yaxınlaşmanın göstəricisi kimi qiymətləndirib. Bu səbəbdən ABŞ-də bəzi dairələrin Omanın siyasətinə daha tənqidi yanaşmağa başladığı bildirilir.
Nəşrin yazdığına görə, ABŞ Prezidenti Donald Tramp administrasiyası Maskata qarşı sanksiyalar tətbiq edilə biləcəyini və digər təzyiq vasitələrinin nəzərdən keçirildiyini gündəmə gətirib.
Oman rəsmiləri isə bu iddiaları təkzib edərək ABŞ tərəfinin mövqeyindən təəccübləndiklərini və yaranmış vəziyyətlə bağlı addımlar üzərində çalışdıqlarını bildiriblər.
WSJ qeyd edir ki, sərt ritorikaya baxmayaraq, ABŞ-nin İranla əlaqələrə görə Omanı hərbi hədəfə çevirmək planı yoxdur. Bununla belə, tərəflər arasında diplomatik gərginliyin artdığı vurğulanır.
16:22 02.06.2026
Oxunuş sayı: 54