Ermənistanda ordu üzərindən siyasi savaş - köhnə qüvvələr “qalibiyyət hekayəsi”nə qayıdır
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkədə son illər ordunun fəaliyyəti ətrafında aparılan müzakirələrə münasibət bildirərək, Silahlı Qüvvələrin siyasi hakimiyyətlərin maraqlarına uyğun şəkildə “köhnə” və “yeni” ordu kimi təqdim edilməsinin yolverilməz olduğunu bəyan edib. O, ordunun bütövlükdə dövlətə və xalqa məxsus bir institut olduğunu vurğulayıb.
Ohanyan Baş nazir Nikol Paşinyanın Ermənistan ordusunun yenidən qurulması ilə bağlı fikirlərini tənqid edərək, Silahlı Qüvvələrin formalaşmasının uzun illər ərzində Ermənistan, Qarabağ və diasporun birgə səyləri nəticəsində mümkün olduğunu qeyd edib.
Keçmiş nazir həmçinin 2018-ci ildən sonra qəbul olunan bəzi qərarların ordunun idarəetmə və nizam-intizam sisteminə mənfi təsir göstərdiyini, bunun nəticələrinin isə 44 günlük müharibə zamanı özünü büruzə verdiyini bildirib.
Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əslində “köhnə” və “yeni” yanaşma məsələsi daha çox Paşinyan hakimiyyəti ilə bağlıdır. Parad keçirilsə belə, söhbət müharibədə məğlub olmuş ordudan gedir. Bununla belə, köhnə siyasi qüvvələr vaxtilə müəyyən əraziləri nəzarətə götürmələrini ön plana çıxararaq özlərini qalibiyyət hekayəsinin müəllifləri kimi təqdim etməyə çalışırlar.
Seçkiqabağı dövrdə isə “qalib dövrlər”i xatırlatmaqla cəmiyyətə təsir göstərməyə, özlərini uğurlu və şanlı siyasi fiqurlar kimi göstərməyə çalışırlar.
Eyni zamanda, məğlubiyyətlə nəticələnən son hadisələr fonunda qarşı tərəfə və mövcud hakimiyyətə qarşı mənfi münasibət formalaşdırmağa cəhd edirlər".
Elmir Heydərli
11:45 01.06.2026
Oxunuş sayı: 62