Əlcəzairdə 28 May – Müstəqillik Günü qeyd olunub
Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Azərbaycanın Əlcəzairdəki Səfirliyi rəsmi ziyafət və konsert proqramı təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, ictimaiyyət üzvləri və Azərbaycan diasporunun təmsilçiləri qatılıb.
Çıxışçılar Azərbaycan Respublikasının müstəqillik tarixindən, ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolundan, beynəlxalq arenada qazandığı uğurlardan və zəngin mədəni irsindən bəhs ediblər. Qeyd olunub ki, Azərbaycan bu gün regionun aparıcı dövlətlərindən biri kimi siyasi, iqtisadi və humanitar sahələrdə mühüm nailiyyətlər qazanıb, beynəlxalq əməkdaşlığın inkişafına töhfələr verməkdə davam edir.
Tədbirin bədii hissəsində Əlcəzairdəki Azərbaycan diasporunun fəal üzvü Xumar Nəbiyevanın rəhbəri olduğu rəqs kollektivi milli rəqslərimizi ifa edib. Milli geyimlərimizdə səhnəyə çıxan kollektivin rəngarəng çıxışları xalqımızın zəngin mədəniyyətini və folklor ənənələrini canlandırıb. Bədii hissə tədbir iştirakçılarının gur alqışları ilə qarşılanıb.
18:09 02.06.2026
Oxunuş sayı: 49