Fransada keçirilən “Zəfərə doğru: Xatirədən sabaha” layihəsi başa çatıb
Fransanın Lyon və Paris şəhərlərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə “Zəfərə doğru: Xatirədən sabaha” adlı layihə çərçivəsində silsilə tədbirlər keçirilib.
Crossmedia.az xəbər verir ki, Tuluz Azərbaycan Evi və Fransada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şəbəkəsinin (AYNF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi ilə reallaşdırılan layihənin ikinci mərhələsində Lyon şəhərində yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında rejissor Elxan Cəfərovun ekranlaşdırdığı “Dolu” bədii filminin nümayişi baş tutub.
Qarabağ müharibəsinin ağır reallıqlarını, insan talelərini, qəhrəmanlıq və fədakarlıq nümunələrini əks etdirən ekran əsəri iştirakçılara Azərbaycanın yaxın tarixinə kino sənətinin dili ilə nəzər salmaq imkanı yaradıb. Nümayişdən sonra filmin mövzusu, yaratdığı təəssüratlar, müharibənin insan həyatına təsiri və tarixi yaddaşın gələcək nəsillərə ötürülməsində incəsənətin rolu ətrafında müzakirələr aparılıb. Görüş, həmçinin Lyon və ətraf bölgələrdə yaşayan azərbaycanlıların tanışlığı, icmadaxili əlaqələrin möhkəmləndirilməsi və gələcək birgə təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyət daşıyıb.
Layihənin yekun mərhələsi isə Parisdə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “44 dəqiqə birlikdə addımlayırıq” şüarı altında təşkil olunan “Paris Zəfər Yürüşü” ilə başa çatıb.
Parisin mərkəzindəki Konkord meydanından (Place de la Concorde) start götürən yürüşə Fransada yaşayan soydaşlarımız, gənclər və Azərbaycan icmasının təmsilçiləri qoşulublar. 44 günlük Vətən müharibəsinin rəmzi olan 44 dəqiqəlik yürüş Azərbaycanın tarixi Zəfərini qeyd etmək, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad etmək, milli birlik və həmrəylik ruhunu nümayiş etdirmək məqsədi daşıyıb.
Azərbaycan bayraqları ilə Parisin mərkəzi küçələrindən və Sena çayının sahilindən keçən iştirakçılar birlik nümayiş etdiriblər. Bu təşəbbüs eyni zamanda xaricdə yaşayan azərbaycanlıların ortaq tarixi yaddaş və milli-mənəvi dəyərlər ətrafında sıx birliyinin rəmzinə çevrilib. Marşrutun son nöqtəsi Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzi olub. Burada yürüş iştirakçıları xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, layihənin ilk mərhələsi noyabrın 1-də Tuluza şəhərində UCA Azərbaycan Evinin ev sahibliyi ilə keçirilib. Tədbir çərçivəsində iştirakçılar Azərbaycanın tarixi Zəfərinin əhəmiyyəti, milli-mənəvi dəyərlər və Vətən müharibəsinin yaddaşlarda yaşadılması mövzularında bir araya gəliblər. Proqramda Zəfər Gününə həsr olunan tarixi və mədəni təqdimatlar, diaspor təşkilatlarının fəaliyyətinin tanıdılması, interaktiv oyunlar və müxtəlif fəaliyyətlər yer alıb. Təşəbbüs Azərbaycan tarixinin və mədəniyyətinin Fransada tanıdılması, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının təşviqi, eləcə də diaspor təşkilatları və soydaşlarımız arasında həmrəyliyin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edib.
13:19 20.11.2026
Oxunuş sayı: 95