ABŞ və İsrail arasından "qara pişik" keçdi?- Son telefon danışığında...
Yaxın Şərqdə gərginliyin daha da artdığı bir vaxtda İran regiondakı hadisələrə cavab olaraq yeni addımlar atmağa hazırlaşır. Rəsmi Tehran İsrailin Livan ərazisinə endirdiyi zərbələr fonunda ABŞ ilə məlumat mübadiləsini dayandırmaq qərarı verib.
Məlumata görə, İran eyni zamanda qlobal enerji və ticarət marşrutları üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazının tam blokadası imkanını nəzərdən keçirir. Bununla yanaşı, Bab əl-Məndəb boğazında da əlavə tədbirlərin görülməsi variantları müzakirə olunur ki, bu da regionda geosiyasi gərginliyin yeni mərhələyə keçə biləcəyindən xəbər verir.

Məsələ ilə bağlı politoloq Zaur Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Bu məlumat hazırda əsasən mediada yayılan xəbərlərə əsaslanır. Belə ki, "Tasnim" agentliyi İranın ABŞ ilə danışıqlardan geri çəkildiyini iddia edib. Son dövrlərdə Tehran və Vaşinqton arasında müəyyən yaxınlaşma müşahidə olunduğundan, bu xəbər ictimaiyyətdə ciddi rezonans doğurdu. Lakin faktiki vəziyyət göstərir ki, İran və ABŞ arasında danışıqlar prosesi davam edir. Hazırda ABŞ tərəfindən irəli sürülən təkliflər İran rəhbərliyi tərəfindən müzakirə olunur və yayılan məlumatlara əsasən, rəsmi cavab hələ təqdim edilməyib. Məsələ ondadır ki, həm ABŞ, həm də İran tərəfi qarşı tərəfin kompromisə və sülhə maraqlı olduğunu nəzərə alaraq danışıqlarda maksimalist mövqe nümayiş etdirir, öz maraqlarının daha geniş şəkildə təmin edilməsinə çalışır. İran tərəfi isə bildirir ki, Vaşinqtonun irəli sürdüyü bəzi tələblər qəbuledilməzdir və hətta müəyyən mənada kapitulyasiya xarakteri daşıyır. Bununla yanaşı, Tehran İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsini də ciddi problem kimi qiymətləndirir və bu əməliyyatların dərhal dayandırılmasını tələb edir. Digər tərəfdən, İsrail məsələsi ABŞ daxilində də müəyyən fikir ayrılıqlarına səbəb olur. Rəsmi bəyanatlarda danışıqlar prosesinə münasibət müsbət olsa da, ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında bu məsələdə fərqli yanaşmaların olduğu müşahidə edilir. Məlumatlara görə, tərəflər arasında keçirilən son telefon danışığında da müəyyən gərgin məqamlar yaşanıb".
Onun fikrincə, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin yaxın perspektivdə sabitləşəcəyi gözlənilmir: "Hətta İran və ABŞ arasında hər hansı razılaşma əldə olunsa belə, regionda gərginlik qalmaqda davam edəcək. Bunun əsas səbəblərindən biri İsrailin Livandakı hərbi əməliyyatları dayandırmaq niyyətində olmamasıdır. Netanyahu hökuməti hesab edir ki, mövcud şəraitdə Hizbullaha qarşı əməliyyatlar davam etdirilməli və strateji məqsədlər tam şəkildə reallaşdırılmalıdır. Hazırda İsrail ordusunun Livan ərazisində fəaliyyət göstərməsi İran üçün əlavə təhlükəsizlik çağırışları yaradır. Tehran İsraili özünün əsas regional rəqibi və təhlükəsi hesab edir. ABŞ ilə müəyyən məsələlər üzrə anlaşma əldə etmək mümkün olsa da, İsrail amili İranın təhlükəsizlik gündəmində əsas yer tutmağa davam edir. Eyni zamanda, İsrail də İranı öz milli təhlükəsizliyi üçün əsas təhdidlərdən biri kimi görür. Bu baxımdan, İran və ABŞ arasında mümkün razılaşmalar müəyyən dövr üçün gərginliyi azalda bilər. Lakin münaqişənin təhlükəsizlik, geosiyasi və ideoloji əsasları aradan qalxmadığı üçün Vaşinqton və Tehran arasında əldə ediləcək hər hansı anlaşmanın uzunmüddətli və tam sabit xarakter daşıması çətin görünür. Məhz buna görə də hazırda tərəflər arasında mürəkkəb və çoxşaxəli danışıqlar prosesi davam edir".
Elmir Heydərli
18:34 02.06.2026
Oxunuş sayı: 50