Ermənistana Azərbaycandan çox təsir edə biləcək aktor yoxdur - Tural Abbaslı
Cənubi Qafqazda güc balansının yenidən formalaşdığı bir dönəmdə regional oyunçuların geosiyasi gedişləri köhnə ittifaqların effektivliyini və yeni tərəfdaşlıqların sərhədlərini ciddi şəkildə sorğulayır. Vaşinqtonun regiona yönəlik maliyyə və texnoloji investisiya siyasəti, Bakının illərdir böyük ustalıqla qoruduğu balanslaşdırılmış xarici siyasət xətti və İrəvanın Qərbə doğru kəskin dönüşü fonunda regional təhlükəsizlik arxitekturası tamamilə fərqli bir mərhələyə qədəm qoyur. Bu kontekstdə Bakı-Vaşinqton xəttindəki real səmərəlilik meyarlarından tutmuş İranın regional hegemonluq iddiaları və daxili etnik həssaslıqlarına qədər uzanan proseslər göstərir ki, regionda sülhün və gücün dili artıq kənar vasitəçilərin deyil, birbaşa meydandakı real iradənin diqtəsi ilə müəyyən olunur.
Məsələ ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı Crossmedia.az-ın suallarını cavablandırıb.

- ABŞ dövlət katibi Mark Rubio bildirib ki, ABŞ Azərbaycanla münasibətləri gücləndirmək fikrindədir. ABŞ-la münasibətlərinizin daha da yüksək səviyyəyə qalxması, Rusiya ilə onsuzda get-gəlli olan münasibətilərin tamamilə zərbə almasına səbəb ola bilərmi?
- Əgər ABŞ Azərbaycanla münasibətləri gücləndirmək fikrindədirsə, Ermənistandan çox Azərbaycana investisiya kapitalı qoymalıdır. Səhv etmirəmsə, Ermənistana 10 milyarda yaxın investisiya yönəldilir. Hətta belə bir cümlə də işlədilir: "ABŞ-nin digər ölkələrə verməyə qısqanclıqla yanaşdığı yüksək texnologiyaları Ermənistana verirəm". Azərbaycanla isə sadəcə əməkdaşlıq və müttəfiqliklə bağlı ümumi sənədlər imzalanır. Bunların isə hələ ki heç bir real investisiya və yaxud praktiki nəticəsi yoxdur. O baxımdan, quru sözdən əmələ keçmək lazımdır. Düşünürəm ki, ABŞ və Azərbaycan arasında hələ dərin əlaqələr, o cümlədən silah satışı yoxdur. Yəni Azərbaycana hələ ki yüksək texnologiyalı silahlar satılmır.
- ABŞ-la münasibətlərimiz daha da yaxşılaşarsa, bu, sülh müqaviləsi üçün ABŞ-in Ermənistana təzyiq göstərmə ehtimalını yarada və ya artıra bilərmi?
- Azərbaycan iqtidarı da ABŞ-la Ermənistan kimi birmənalı şəkildə əməkdaşlıq etməkdə maraqlı deyil. Çünki Azərbaycan iqtidarı illərdir balanslı siyasət yürüdür. Yəni dünya gücləri arasında seçim etmir, onlar arasında balansı qoruyur və hamısından bərabər məsafədə qalmağa çalışır. Düzdür, dönəm-dönəm bəzi qüvvələrə daha yaxın, digərlərinə isə daha uzaq görünür, amma nəticədə heç kimlə əlaqəni birdəfəlik kəsmir. Ona görə də ABŞ və Azərbaycan yaxınlaşmasının Rusiyanı qıcıqlandıracaq dərəcədə olacağını düşünmürəm.
ABŞ-la münasibətlərimizin yaxşılaşdırılmasından Ermənistana qarşı bir təzyiq vasitəsi kimi istifadə olunacağını düşünmək mənasızdır. Çünki hazırda Ermənistana ən güclü təsir vasitəsi Azərbaycan ordusu və xüsusi təyinatlılarıdır. Yəni bizdən çox Ermənistana təzyiq edə biləcək ikinci bir ölkə yoxdur. Bunu istər 2020-ci ildəki Qarabağ müharibəsində, istərsə də bir günlük antiterror əməliyyatında nümayiş etdirdik. Əgər ABŞ təsir göstərə bilən tərəf olsaydı, torpaqlarımızın 30 illik işğalı müddətində Ermənistana bircə dənə də olsun müsbət qərar qəbul etdirərdi. Bu, başqa məsələdir.
Düşünürəm ki, Ermənistanla münasibətlərimizə kimisə qoşmamalıyıq. Ermənistana lazım olan zamanda özümüz təsir və təzyiq göstərməli, haqlarımızı təmin etməliyik. Ümumiyyətlə, sülh məsələsində Azərbaycan canfəşanlıq etməli deyil. Çünki sülh bizə yox, Ermənistana lazımdır, biz qalib tərəfik.
- Sizcə, belə olan halda qonşu İranın Azərbaycana münasibəti necə olar?
- İran qonşu ölkələrə münasibətini ABŞ-yə görə formalaşdırsaydı, gərək Ermənistanla müharibə edərdi. Çünki Ermənistan, az qala, Avropa və ABŞ-nin qoşunlarını gətirib öz ərazisində yerləşdirməyə hazırdır, amma İran buna reaksiya vermir. Lakin Azərbaycanın adi bir hərəkətinə kəskin reaksiya bildirir. İranın Azərbaycana münasibəti ölkəmizin ABŞ və Avropa ilə olan əlaqələrindən heç cür asılı deyil. Tehran sadəcə olaraq regionda hegemona çevrilmək istəyir və bu hegemonluğun qarşısında duran əsas güc Ankaradır. Türkiyənin də regionda əsas müttəfiqi Azərbaycandır. İran həm bundan ehtiyat edir, həm də, təbii ki, öz ərazisindəki 40 milyona yaxın soydaşımızın varlığından çəkinir. Azərbaycan Respublikasının o insanlara xitab edə bilmək potensialı İranda təhlükə hesab olunur. Ona görə də onlarla münasibətlərimizin ABŞ konteksti ilə bir əlaqəsinin olduğunu düşünmürəm.
Turqut Ansari
14:00 02.06.2026
Oxunuş sayı: 60