ABŞ-Azərbaycan münasibətləri: Enerji siyasəti, regional təhlükəsizlik və iqtisadi maraqlar həlledici rol oynayır
ABŞ-Azərbaycan münasibətləri son dövrlərdə enerji siyasəti, qlobal iqtisadi transformasiya və geosiyasi maraqlar fonunda daha çox diqqət çəkən istiqamətlərdən birinə çevrilib. Prezident İlham Əliyevin “Baku Energy Forum”dakı açıqlaması da bu münasibətlərin mahiyyətinə dair mühüm mesajlar verir. O qeyd edir ki, uzun illər neft və qaz hasil edən ölkələr və şirkətlər beynəlxalq ictimai rəy tərəfindən tez-tez tənqid olunub, hətta qlobal ekoloji narrativlər fonunda “qarayaxma” kampaniyalarının hədəfinə çevrilib. Lakin onun fikrincə, bu yanaşma Prezident Donald Trump dövründə müəyyən mənada dəyişib və enerji sektoruna daha praqmatik baxış formalaşıb.
Bu kontekstdə ABŞ ilə Azərbaycan arasında formalaşan münasibətlərin hazırkı mərhələsi təkcə şəxsi diplomatik əlaqələrlə deyil, daha çox enerji təhlükəsizliyi, iqtisadi maraqlar və regional sabitlik kimi strateji faktorlarla izah olunur. Azərbaycan üçün enerji ixrac marşrutlarının genişlənməsi və qlobal bazarlarda mövqeyinin möhkəmlənməsi əsas prioritetlərdən biridir. ABŞ üçün isə Cənubi Qafqazda sabitlik, enerji diversifikasiyası və alternativ təchizat mənbələrinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Donald Trampın digər ABŞ prezidentlərindən fərqli olaraq Azərbaycana daha yumşaq və praqmatik yanaşması isə müxtəlif istiqamətlərdə şərh olunur. Bu yanaşmanın bir tərəfdən onun ümumi “iqtisadi maraqlar mərkəzli” xarici siyasət xətti ilə bağlı olduğu bildirilir, digər tərəfdən isə Prezident İlham Əliyevlə formalaşmış şəxsi və diplomatik anlaşmanın da müəyyən təsir göstərdiyi düşünülür. Bununla belə, ABŞ kimi böyük dövlətin xarici siyasəti yalnız prezidentin şəxsi münasibətləri ilə deyil, Konqres, təhlükəsizlik institutları və strateji doktrina ilə formalaşdığı üçün bu əlaqələr daha geniş sistemin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Ümumilikdə, hazırkı mərhələdə ABŞ-Azərbaycan münasibətləri daha çox qarşılıqlı maraqların üst-üstə düşdüyü praqmatik əməkdaşlıq xətti üzrə inkişaf edir və bu prosesdə həm siyasi liderlərin yanaşmaları, həm də qlobal enerji gündəliyində baş verən dəyişikliklər mühüm rol oynayır.
Mövzu ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Crossmedia.az-a mövzu ilə bağlı açıqlama verib: “Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bu gün formalaşan münasibətlər, məncə, həm liderlərin şəxsi münasibətləri, həm də dövlətlərin strateji maraqları ilə bağlıdır. Məlumdur ki, beynəlxalq siyasətdə şəxsi simpatiya müəyyən rol oynaya bilər. Lakin uzunmüddətli münasibətlər əsasən geosiyasi və iqtisadi maraqlar üzərində qurulur. Dövlətlərin ümumi maraqları həm qarşılıqlı əməkdaşlığa təsir edir, həm də münasibətlərin daha yüksək səviyyədə inkişafını şərtləndirir. Cənab Prezidentin çıxışında da Donald Trampla enerji siyasəti ilə bağlı fikir yaxınlığının olduğu hiss olunur. Bu gün ABŞ ənənəvi olaraq neft və qaz sənayesinə daha müsbət yanaşır, enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu daim vurğulayır. Azərbaycan isə böyük neft və qaz ixracatçısı kimi bu yanaşmanı öz maraqlarına daha uyğun hesab edir.

ABŞ-Azərbaycan münasibətlərinin hazırkı inkişaf mərhələsinə baxdıqda burada bir neçə əsas amili qeyd etmək olar. Birincisi, regional təhlükəsizlik məsələsidir. Cənubi Qafqazda sabitliyin qorunması, Ermənistan-Azərbaycan münasibətləri və nəqliyyat-kommunikasiya layihələrinin təhlükəsizliyi ABŞ üçün maraq doğuran istiqamətlərdəndir. İkincisi, enerji təhlükəsizliyidir. Azərbaycanın qaz ixracı, xüsusilə Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Digər vacib istiqamət iqtisadi əməkdaşlıq və investisiyalardır. Eyni zamanda, terrorizmlə mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq da münasibətlərdə əhəmiyyətli yer tutur”.
Deputat əlavə edib ki, Donald Trampın siyasəti ümumilikdə daha praqmatik və iqtisadi maraqlara yönəlmiş hesab olunur: “O, insan hüquqları və demokratik dəyərlər kimi mövzuları bəzi əvvəlki administrasiyalar qədər ön plana çıxarmır. Bu isə bəzi ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərdə daha az tənqidi tonun formalaşmasına səbəb ola bilir. Bununla yanaşı, ABŞ siyasəti yalnız prezidentin şəxsi münasibətləri ilə müəyyən edilmir. Burada Konqres, Dövlət Departamenti, təhlükəsizlik qurumları və ümumilikdə ABŞ-ın strateji maraqları xarici siyasətin formalaşmasında mühüm rol oynayır. Ona görə də münasibətlərin yüksək səviyyədə olmasını təkcə Trampın İlham Əliyevə münasibəti və ya dostluq mesajları ilə izah etmək doğru olmaz. Məncə, əsas məqam cənab Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətdir. Enerji siyasəti, regional təhlükəsizlik, geosiyasi balansın qorunması və iqtisadi maraqlar kimi faktorlar burada həlledici rol oynayır. Bu gün ABŞ Azərbaycanın bəzi regional münaqişələrin həllində vasitəçi və ya sabitləşdirici tərəf kimi çıxış edə biləcəyini də nəzərə alır. Bütün bunlar iki ölkə arasında əlaqələrin istiqamətini ciddi şəkildə müəyyənləşdirən amillərdir. Nəticə etibarilə, ABŞ-Azərbaycan münasibətlərinin əsasını strateji maraqlar təşkil edir. Şəxsi münasibətlər və qarşılıqlı simpatiya varsa, bu, strateji maraqların üzərinə əlavə olunan müsbət amil kimi qiymətləndirilməlidir. Münasibətlərin gələcək inkişafı da məhz bu maraqların nə dərəcədə uzlaşmasından və tərəflərin atacağı addımlardan asılı olacaq”.
Ayhan
15:58 02.06.2026
Oxunuş sayı: 129