Təklif: Kompüter oyunlarının məzmunu milli- mənəvi dəyərlərə uyğunlaşdırılsın
Azərbaycanda rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı, uşaqların onlayn oyunlara marağı da getdikcə artır. Lakin bu sahədə təhlükəsizlik, yaş məhdudiyyətlərinə əməl olunması, zərərli məzmundan qorunma, oyun asılılığı və valideyn nəzarəti kimi bir sıra problemlər hələ də aktuallığını qoruyur. Məhz buna görə beynəlxalq oyun platformalarının Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bəyan etmələri diqqət çəkən məqamlardan biridir. Bu əməkdaşlığın əsas məqsədi uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq, mövcud riskləri minimuma endirmək və oyun sektorunda müasir tənzimləmə mexanizmlərinin tətbiqinə dəstək vermək ola bilər. Bəs hazırda Azərbaycanda bu sahədə hansı əsas problemlər mövcuddur və onların həlli üçün hansı istiqamətlərdə addımlar atılmalıdır?
Mövzu ilə bağlı İnformasiya Texnologiyaları mütəxəssisi Elvin Abbasov Crossmedia.az-a açıqlama verib:
![]()
“Azərbaycanda uşaqların rəqəmsal oyun platformalarından istifadə miqyasının kəskin genişlənməsi, bu sahədə kibertəhlükəsizlik və rəqəmsal gigiyena ilə bağlı bir sıra institusional problemlərin həllini zəruri edir. Ən böyük boşluqlardan biri uşaqların kiber-savadlılıq səviyyəsinin aşağı olması səbəbindən zərərli proqram təminatlarına (malware) aldanması, onlayn bullinqə (kiber-zorakılığa) məruz qalması və fərdi məlumatları, o cümlədən valideynlərinin bank kartı detallarını asanlıqla kiberfırıldaqçılara ötürməsidir. Bu istiqamətdə qlobal platformalarla əməkdaşlıq çərçivəsində Azərbaycan dili üçün qabaqcıl süni intellekt əsaslı daxili moderatorların inteqrasiya edilməsi, fərdi verilənlərin sızmasının qarşısını alan rəqəmsal profilaktika mexanizmlərinin qurulması və oyun daxilində uşaqların təhlükəsizliyini təmin edən texnoloji mühafizə sistemlərinin yaradılması əsas həll hədəfidir”.
Ekspert əlavə edib ki, digər fundamental problem isə oyun platformalarının daxilində tətbiq olunan xüsusi mükafatlandırma alqoritmlərinin uşaqlarda alqoritmik dopamin asılılığı yaratması, bu asılılığın isə real həyatda sosial təcrid və diqqət dağınıqlığına yol açmasıdır: “Mövcud vəziyyəti dəyişmək üçün beynəlxalq istehsalçılarla birlikdə lokal "Valideyn Nəzarəti" (Parental Control) sistemlərinin tətbiqi mexanizmi mükəmməlləşdirilməli, uşaqların gündəlik ekran vaxtı tənzimlənməli və maliyyə itkilərinin qarşısını almaq üçün oyun-içi satınalmalar tam nəzarətə götürülməlidir. Eyni zamanda, oyun asılılığını faydalı inkişafa yönəltmək məqsədilə oyunların məzmun strukturunun milli-mənəvi dəyərlərə uyğunlaşdırılması və təhsilyönümlü ssenarilərlə (edutainment modeli) zənginləşdirilməsi istiqamətedici strateji addımlardır”.
Ayhan
17:04 02.06.2026
Oxunuş sayı: 65