“Ölü internet nəzəriyyəsi” reallığa çevrilir - Süni intellekt insan yaradıcılığını arxa plana keçirir
Texnologiyalarının sürətli inkişafı ilə yaradılan keyfiyyətsiz və kütləvi məzmunun artması, bot trafikinin internet məkanını geniş şəkildə bürüməsi və orijinal, insan imzası daşıyan materialların getdikcə arxa plana keçməsi rəqəmsal dünyanın gələcəyi ilə bağlı ciddi narahatlıqlar doğurur. Bu mənfi meyil məlumat məkanının alqoritmlər tərəfindən zəbt olunması iddialarını əks etdirən "ölü internet nəzəriyyəsi"ni artıq sadəcə hipotetik mülahizə deyil, real çağırış kimi gündəmə gətirir. İnternet ekosisteminin informasiya zibilliyinə çevrilməsi təhlükəsi fonunda insan yaradıcılığının qorunması və rəqəmsal məkanın etibarlılığının təmin edilməsi təcili tədbirlərin görülməsini tələb edir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən İKT eksperti Elvin Abbasov problemi aradan qaldırmaq üçün kompleks mexanizmlərin vacibliyini vurğulayıb:

"Süni intellekt tərəfindən generasiya olunan keyfiyyətsiz məzmunun və bot trafikinin interneti bürüməsi nəticəsində orijinal insan yaradıcılığının arxa plana keçməsi, həqiqətən də, "ölü internet nəzəriyyəsi"ni real təhdidə çevirir. Bu prosesin qarşısını almaq və rəqəmsal ekosistemin keyfiyyətini qorumaq üçün kompleks texniki, hüquqi və istifadəçi davranışı mexanizmlərinin tətbiqi zəruridir. İlk növbədə, axtarış sistemləri və sosial media platformaları alqoritmlərini kəmiyyətə (SEO fokuslu generativ mətnlərə) deyil, orijinal insan təcrübəsinə və ekspertizasına üstünlük verəcək şəkildə yeniləməlidirlər. Avtomatik generasiya olunmuş, heç bir əlavə dəyər yaratmayan mətni tanıyan və indeksdən çıxaran filtrlər gücləndirilməli, məzmunun müəllifliyini rəqəmsal olaraq doğrulayan mənşə standartları (məsələn, C2PA – Content Credentials) geniş tətbiq edilməlidir".
Ekspert həmçinin dövlət tənzimlənməsi və istifadəçi maarifləndirilməsinin roluna diqqət çəkib:
"Eyni zamanda, dövlətlər və tənzimləyici qurumlar səviyyəsində Sİ tərəfindən yaradılan məzmunun məcburi etiketlənməsi və rəqəmsal imza ilə markalanması qanunvericiliyə daxil edilməlidir. İstifadəçi oxuduğu və ya izlədiyi materialın insan, yoxsa alqoritm tərəfindən hazırlandığını aydın görməli, şəffaflıq təmin edilmədiyi halda platformalara qarşı hüquqi sanksiyalar tətbiq olunmalıdır. Paralel olaraq, məlumat istehlakçılarında tənqidi təfəkkür, ilkin mənbəyə istinad vərdişi və faktların çarpaz yoxlanılması (fact-checking) mədəniyyəti formalaşdırılmalıdır. İnsanlar avtomatlaşdırılmış bot hesablarını və 'klik aldanması' yaradan Sİ kontentini tanımağı öyrəndikdə, bu tür resursların monetizasiya və oxunma imkanları kəskin şəkildə azalacaqdır".
Zeynəb Həsən
16:50 20.10.2026
Oxunuş sayı: 60