Yaxın Şərqdəki müharibə Ermənistanın iqtisadiyyatını necə məhv edir?
Yaxın Şərqdə müşahidə olunan gərginliyin artması təkcə siyasi və təhlükəsizlik müstəvisində deyil, eyni zamanda regional iqtisadi əlaqələrdə də yeni çağırışlar formalaşdırır. Logistika marşrutlarının dəyişməsi, tədarük zəncirlərində mümkün fasilələr və enerji daşıyıcıları bazarında qeyri-sabitlik bir sıra ölkələr üçün inflyasiya və qiymət artımı risklərini aktuallaşdırır. Bu kontekstdə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanın səsləndirdiyi fikirlər də məhz həmin risklərin artıq nəzərə çarpmağa başladığını göstərir. Xüsusilə İranla formalaşmış ticarət əlaqələrinin davamlılığı məsələsi fonunda alternativ bazarların olub-olmaması və ölkənin tədarük diversifikasiyası imkanları diqqət mərkəzinə çıxıb. Mövcud geosiyasi dinamika fonunda sual təkcə Ermənistanın hansı mənbələrdən xammal əldə edə biləcəyi ilə məhdudlaşmır, həm də ümumilikdə regionda iqtisadi asılılıqların necə dəyişəcəyi və ölkələrin bu dəyişikliklərə nə dərəcədə adaptasiya ola biləcəyi ilə bağlıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, müharibə və geosiyasi gərginliklər iqtisadi sistemlərə çoxşaxəli və dərin təsirlər göstərir və ölkələr bu risklərə qarşı əvvəlcədən hazırlıqlı olmalıdır. Onun sözlərinə görə, iqtisadi təsirlər çox zaman bir neçə sahəni eyni anda əhatə edir və zəif ehtiyat bazasına malik ölkələr bu dəyişiklikləri daha kəskin hiss edir:

"Müharibələrin dağıdıcı effektləri həmişə multiplikativ xarakter daşıyır, çox sahələrə sirayət edir və buna hazır olmaq lazımdır. Əgər Ermənistan iqtisadiyyatında rezerv bazası zəifdirsə, əlbəttə, onlar bu təsirləri yalnız neqativ tərzdə hiss edəcəklər. Tədarük zəncirində yaranan boşluqlar bazar mexanizmləri tərəfindən adətən alternativ mənbələrlə doldurulur. İxrac və idxal əlaqələrində dəyişikliklər baş verdikdə, ölkələr yeni tərəfdaşlar axtarmağa məcbur olurlar. Bazar iqtisadiyyatında boşluq qalmır. Əgər hər hansı bir yerdə boşluq yaranırsa, sistemlər və prinsiplər o boşluğu dərhal doldurmağa çalışır. Əgər ixracatçı fəaliyyət qabiliyyətini itirirsə, alternativlər mütləq tapılır".
T. Abbasovun sözlərinə görə, bu kontekstdə Ermənistanın alternativ tədarük mənbələrini müəyyənləşdirməsi və regional əməkdaşlıq imkanlarını dəyərləndirməsi vacibdir. O, xüsusilə region ölkələri ilə iqtisadi və logistika əlaqələrinin genişləndirilməsinin potensialını vurğulayıb:
"Ermənistanın kimdən, necə və nəyi alacağı məsələsi aktuallaşır. Bu baxımdan Türkiyə və Azərbaycan kimi qonşu ölkələr alternativ istiqamətlər kimi nəzərdən keçirilə bilər. Azərbaycanın və Türkiyənin iqtisadi və logistika imkanları genişdir və müəyyən potensial mövcuddur".
O, həmçinin Ermənistanın iqtisadi siyasətində sistemli yanaşmanın vacibliyini vurğulayıb: "Ölkə daxilində monitorinq mexanizmləri gücləndirilməli və bazar dəyişikliklərinə operativ reaksiya verilməlidir. Ermənistanın İqtisadiyyat Nazirliyi tərəfindən ciddi araşdırmalar aparılmalı, bazar konyunkturası izlənilməli və uyğun strategiyalar hazırlanmalıdır. Ölkə öz iqtisadi ehtiyaclarına uyğun olaraq hansı məhsulu, kimdən və hansı qiymətə alacağını müəyyən edən mexanizm formalaşdırmalıdır. Regional gərginliklər fonunda iqtisadi sabitliyin qorunması əsas prioritetlərdən biri olmalıdır. Ermənistanın neytral mövqedə qalması və balanslı siyasət yürütməsinin vacibdir. Əsas məsələ iqtisadi sabitliyin təmin olunmasıdır. Bazarda qıtlıq yaranmamalı, qiymət artımları nəzarətdə saxlanılmalı və inflyasiya riskləri minimuma endirilməlidir. Bunun üçün isə Ermənistanın çevik iqtisadi siyasət həyata keçirməsi və alternativ tədarük kanallarını vaxtında müəyyənləşdirməsi vacibdir".
Nigar Yahyazadə
12:15 23.03.2026
Oxunuş sayı: 440