Azərbaycanla Ermənistan arasında yeni formatlar yaradıla bilər
Cənubi Qafqazda davam edən postmünaqişə mərhələsində sülh gündəliyi ətrafında diplomatik aktivlik diqqətçəkici olaraq qalır. Bu kontekstdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Avropa nümayəndə heyəti ilə görüşdə İrəvanla Bakı arasında sülhün daha da "institusionallaşdırılması" istiqamətində atılan addımları təqdim etməsi yeni müzakirələrə yol açıb.
Rəsmi İrəvan tərəfindən səsləndirilən bu yanaşma sülh prosesinin davamlı və sistemli mexanizmlər üzərində qurulmasına işarə etsə də, onun arxasında dayanan real siyasi iradə, yaxud beynəlxalq ictimaiyyətə ünvanlanmış diplomatik mesaj olub-olmaması suallar doğurur. Eyni zamanda, təklif olunan "institusional sülh" modelinin konkret mexanizmləri və bu yanaşmanın Azərbaycan–Ermənistan münasibətlərində uzunmüddətli sabitliyə nə dərəcədə töhfə verə biləcəyi məsələsi də aktuallığını qoruyur.
Mövzu ilə bağlı politoloq Zaur İbrahimli Crossmedia.az-a açıqlama verib:
"İnstitutlaşma dedikdə böyük ehtimal İrəvan qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və həlli üçün daimi fəaliyyət göstərən formatlar və yaxud ki, mexanizmlər yaradılmasını nəzərdə tutur. Düşünürəm ki, indiki halda institutlaşma prosesində bundan irəli getmək çətin olardı. Tərəflər arasında sülh sazişi mətni paraflanıb, lakin imzalanmayıb. Odur ki, bu, müəyyən qədər etibarlı çərçivə yaratsa da, hər halda sülh sazişinin imzalanması ikitərəfli münasibətləri tamamilə normallaşdırmağa imkan verəcək. Əslində, tərəflər arasındakı sülhün institutlaşma institusional əsaslarının yaradılması ilə bağlı ilkin addım atılıb. Bu şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası, sərhəd ətrafı delimitasiya və demarkasiya üzrə işçi qruplardır. Hər iki işçi qrupun reqlamenti, tərkibi təsdiqlənib və reglamentlər parlamentlərdə ratifikasiya olunub. Bu, olduqca mühüm bir addım oldu. Sülh prosesində eyni zamanda biz digər dayanıqlı formatdan da danışa bilərik. Bu, xarici işlər nazirlərinin müavinləri arasında artıq demək olar ki, müntəzəm xarakter alan görüşlərdir. Görünür, Ermənistan tərəfi daha da irəli getmək istəyir. Biz burada müxtəlif ehtimallar irəli sürə bilərik. Ola bilsin ki, nəqliyyat, logistika, kommunikasiya yollarının açılması, bərpası ilə əlaqədar işçi qrup və yaxud ekspert qrupu formalaşdırıla bilər. Eyni zamanda biz artıq hər iki ölkənin vətəndaş cəmiyyətlərinin də Sülh Körpüsü adlı təşəbbüsə başladığını qeyd edə bilərik".

Politoloq qeyd edib ki, bunun özü də əslində institusional formatdır:
"Ola bilsin ki, buna bənzər digər formatların yaradılması da təklif oluna bilər. Hər halda Nikol Paşinyan iqtidarı iyunun 7-də keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində Azərbaycanla sülh istiqamətində yeni addımlar atmaqda maraqlı olduğunu göstərir. Ola bilsin ki, onlar artıq əmin olublar ki, Ermənistan cəmiyyətində bu müsbət qarşılanır. Xüsusən Ermənistana üçüncü ölkələrin göndərdiyi yüklərin və malların Azərbaycan üzərindən keçirilməsi, Azərbaycanın enerji daşıyıcılarının artıq Ermənistan bazarına çıxarılması kimi addımlar müsbət qarşılanır və Paşinyan iqtidarına əlavə xal qazandırır və arqumentlər verir. Ola bilsin ki, məhz buna söykənərək yeni institusional formatların yaradılması təklifi ilə çıxış edirlər. Düşünürəm ki, Azərbaycan tərəfindən əgər münasib təkliflər olacaqsa və indiyə qədərki əldə olunmuş nailiyyətləri və ən vacibi ənənəni davam etdirəcəksə, rəsmi Bakı da bu təklifləri nəzərdən keçirə bilər. Çünki məhz sülh gündəliyi Azərbaycanın cənab Prezident İlham Əliyevin liderliyi ilə icra olunur. kifayət qədər uğurlu bir model yaradılıb və bu baxımdan Azərbaycan bütün rasional və obyektiv sülh təşəbbüslərini dəstəkləyir".
Nigar Yahyazadə
12:33 19.03.2026
Oxunuş sayı: 68