Vəziyyət dəyişir?: Ermənistan təxribata əl ata bilər
Müasir dövrdə post-münaqişə mərhələsinə daxil olan regionlarda təhlükəsizlik, humanitar problemlər və bərpa proseslərinin paralel şəkildə idarə olunması dövlət siyasətinin ən mürəkkəb istiqamətlərindən biri hesab olunur. Xüsusilə silahlı qarşıdurmaların baş verdiyi ərazilərdə qalan partlayıcı qurğular və minalar yalnız fiziki təhlükə yaratmaqla kifayətlənmir, həm də əhalinin geri qayıdışını, sosial-iqtisadi dirçəlişi və uzunmüddətli sülh mühitinin formalaşmasını ləngidən əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan mina təhlükəsi təkcə hərbi və ya texniki məsələ deyil, eyni zamanda humanitar, hüquqi və siyasi ölçüləri olan kompleks problem kimi qiymətləndirilir və onun həlli regional sabitliyin təmin edilməsində həlledici rol oynayır.
"Ağ" partiya sədri Tural Abbaslı məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verib:

"Mina məsələsi son dərəcə mühüm və həssas problem olaraq qalmaqdadır. Qarabağ ərazisində əhalinin geri qayıdışı, məskunlaşma prosesləri, həmçinin genişmiqyaslı bərpa-quruculuq və infrastruktur layihələrinin həyata keçirilməsi məhz mina təhlükəsi səbəbindən ciddi çətinliklərlə üzləşir. Mina sahələri nəqliyyatın hərəkətinə, piyadaların təhlükəsizliyinə və ümumilikdə iqtisadi aktivliyin bərpasına birbaşa maneə yaradır. Təəssüf hissi ilə qeyd edilməlidir ki, Ermənistan tərəfindən mina xəritələri hələ də tam şəkildə Azərbaycana təqdim olunmayıb. Təqdim edilən xəritələrin böyük hissəsinin, təxminən 75 faizinin, yanlış olduğu bildirilib ki, bu da prosesin effektivliyini əhəmiyyətli dərəcədə azaldır və humanitar riskləri artırır. Bu vəziyyət Ermənistanın səmimiyyəti ilə bağlı suallar doğurur. Rəsmi İrəvan sülh gündəliyindən danışsa da, real addımların yetərli olmaması regionda etimad mühitinin formalaşmasını çətinləşdirir və Azərbaycanla uzunmüddətli, sabit qonşuluq münasibətlərinin qurulmasına mənfi təsir göstərir. Mövcud yanaşma daha çox taktiki xarakter daşıyır və bəzi qiymətləndirmələrə görə, Ermənistanın gələcəkdə güclənərək revanşist meyillərlə mümkün təxribatlara əl atmaq niyyətini istisna etmir".
T.Abbaslı əlavə edib ki, mina xəritələrinin təqdim edilməməsi ilə bağlı müxtəlif bəhanələr səsləndirilir; müharibə dövründə qeyri-dəqiqliklərin olması, qeydiyyatın aparılmaması və ya məlumatların itməsi kimi arqumentlər irəli sürülür: "Lakin istək və siyasi iradə mövcud olduğu halda, bu məlumatların araşdırılaraq dəqiqləşdirilməsi və təqdim edilməsi mümkündür. Kompensasiya məsələsinə gəldikdə isə, hazırda bu istiqamətdə real irəliləyiş müşahidə olunmur. Paraflanan sülh sənədində tərəflərin bir-birinə qarşı kompensasiya iddiaları qaldırmaması ilə bağlı müddəa nəzərdə tutulduğundan, Azərbaycanın bu mərhələdə kompensasiya tələbi irəli sürməsi ehtimalı zəif qiymətləndirilir. Bu şəraitdə əsas məqsəd Ermənistanın atdığı addımların mahiyyətini düzgün qiymətləndirmək, onun real niyyətlərini anlamaq və münasibətləri məhz bu reallıqlar əsasında formalaşdırmaqdan ibarət olmalıdır".
Ayhan
11:33 25.02.2026
Oxunuş sayı: 565