Fasiləli və natamam təminat planlaşdırılmış hücum əməliyyatlarının uğurunu məhdudlaşdırır - Ekspert
Rusiya və Ukrayna arasında davam edən müharibə artıq bir neçə ildir ki, dünya siyasətinin əsas gündəm mövzularından biridir. Münaqişə dərinləşdikcə tərəflərin hərbi və iqtisadi imkanları arasındakı fərqlər daha aydın görünür. Rusiya resurs və sənaye gücünə söykənərək əməliyyatlarını genişləndirir, Ukrayna isə beynəlxalq dəstəyə arxalanaraq müqavimət göstərməyə çalışır. Lakin təminat və texniki resurs çatışmazlığı Ukrayna üçün ciddi çətinliklər yaradır. Buna görə də Rusiya ordusu Kupyansk və Krasnoarmeyskdə ukraynalı hərbiçiləri mühasirəyə alıb.
Mövzu ilə bağlı hərbi ekspert Şair Ramaldanov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada əməliyyatları genişləndikcə onun imkanları da artır: “Ukraynadan fərqli olaraq Rusiya qarşısında məhdudiyyətlər yoxdur bu, müharibədə önəmli üstünlükdür. Hər bir tərəf nə qədər çox resursunu döyüşə yönəldərsə, əməliyyatlarda uğur qazanmaq şansı bir o qədər artır. Bu, Azərbaycan üçün də birinci Qarabağ müharibəsində müşahidə olunmuş bir həqiqətdir. Sənaye və texniki təminatın çatışmazlığı ölkəni ağır vəziyyətə salmışdı. Həmin dövrlərdə biz hər yerdən rahatlıqla texnika ala bilmirdik, alınanlar isə çox baha başa gəlirdi. Buna görə də Prezident İlham Əliyevin müdafiə sənayesinin qurulmasına göstərdiyi diqqət vacib idi. İkinci Vətən müharibəsində əslində Azərbaycanın müdafiə sənayesi əsasən istifadə olunan sursat və mərmilərin istehsalına yönəldilmişdi. Bunlar, patronlar, mərmi və minaatan sursatları və s. idi’’.

Ekspert qeyd edib ki, Ukrayna geniş beynəlxalq yardıma müraciət edir: “Lakin koalisiya tərəfindən verilən texnika və sursatların bir qismi anbarlarda köhnəlmiş, döyüş meydanında özünü tam göstərməyən nümunələrdən ibarət olub. Hətta nəzərdə tutulmuş 100 tankın yalnız 20 faizi vaxtında verilmiş, qalanının sonradan çatdırılacağı deyilib. Bu cür fasiləli və natamam təminat planlaşdırılmış hücum əməliyyatlarının uğurunu məhdudlaşdırır. Ukraynanın generalları və komandirləri bacarıqlıdır, xalqı da döyüşkəndir. Lakin, hər əməliyyat üçün texnika və təminat dəqiq hesablanmalı və vaxtında təmin olunmalıdır. Təminat zəif olduqda planlar işləmir və əməliyyatların nəticələri kifayət qədər müsbət olmur. Bu səbəbdən bir sıra reklam edilən əks-hücumlar gözlənilən nəticəni vermədi. Planlaşdırma vardı, amma təminat çatmadı. Hal-hazırda da bu proses davam edir. “Gəl verəcəyik, gəl verməyəcəyik” kimi dəyişkən qərarlar Ukraynaya mənfi təsir göstərir. ABŞ və Avropada Ukrayna məsələsində mövqelərin parçalanması da əlavə çətinlik yaradır. Belə bölünmə yardımların davamlılığına və məzmununa mənfi təsir göstərir’’.
Ekspertin sözlərinə görə, Rusiya resurs baxımından Ukraynaya nisbətən daha üstün görünür: ‘’Bu həm nüfuz, həm imkan, həm də potensial baxımından belədir. Orduda nisbi üstünlük prinsipi var, hücum üçün qarşı tərəfdən əhəmiyyətli dərəcədə güclü olmaq lazım gəlir. Rusiya taktiki olaraq logistikanı pozmaq, döyüş meydanına yaxın yolları və əlaqə xətlərini kəsərək düşməni təcrid etməyə çalışır; sonra isə mövqeləri sağdan-soldan keçərək əhatəyə salıb qüvvələri məhv edir. Bu taktikanı Siversk, Baxmut və indiki döyüş gedən bəzi istiqamətlərdə görmüşük. Ukraynanın ehtiyat qüvvələrinin hazırlığı və yerləşdirilməsi məsələsində də çətinliklər var. Poligonlarda və ehtiyat birləşmələrdə Rusiya raket və vasitələri ilə zərbələr endirməklə hazırlıq prosesini məhv edə bilir. Buna görə Ukrayna bir sıra ehtiyatları xaricdə, Avropada hazırlayır və sonra döyüşə qatır. Rusiya bu müharibədən böyük döyüş təcrübəsi qazanır. Onun şəxsi heyəti və komandirləri müasir müharibə şəraitində zəngin təcrübəyə malikdirlər və bu təcrübədən effektiv istifadə edirlər. Ukrayna isə əksər hallarda bu boşluqları kompensasiya etməkdə çətinlik çəkir. Geniş məsafəli frontda gündəlik bir neçə kilometr irəliləyiş böyük ərazi mənasına gəlir. Bəzi yerlərdə Rusiya gündə 5 km-ə qədər irəliləməyi bacarıb ki, bu da strateji əraziləri əhatə edir. Bundan başqa, etnik və informasiya amilləri də rol oynayır. İki slavyan xalqı olmaları bəzi kəşfiyyat faydaları yaradır. ABŞ içindəki siyasi meyillərin dəyişməsi (məsələn, Trampın mövqeyi) Avropada təsir doğurur. Əgər, ABŞ dəstəyi zəifləyərsə, Avropada da bunun izlərini görmək olar’’.
Sevinc Yarməmmədova
21:20 29.10.2025
Oxunuş sayı: 3513