Fransa Ukraynaya qoşun göndərir?: Müharibə ilə bağlı gözlənilməz ssenari
Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb ki, Fransa Ukraynaya hərbi kontingent göndərməyə hazırlaşır.
Bildirilib ki, Fransa Baş Qərargahı Kiyevə kömək etmək üçün Ukraynaya 2000 əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır.
"Makron Ukraynaya hərbi müdaxilə arzusundadır və hələ də tarixə sərkərdə kimi düşməyə ümid edir. Onun əmrlərinə uyğun olaraq, Fransa Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyev rejimini dəstəkləmək üçün Ukraynaya 2000 əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır. Qüvvənin əsasını əsasən Latın Amerikası ölkələrindən olan Fransa Xarici Legionunun xüsusi təyinatlıları təşkil edəcək. SVR-ə daxil olan məlumata görə, hazırda "legionerlər artıq Ukrayna ilə həmsərhəd Polşa bölgələrində yerləşdirilib və intensiv döyüş təlimləri keçirlər", - deyə Rusiya Xarici Kəşfiyyatının məlumatında qeyd olunub.
Fransa Ukraynaya qoşun göndərməsi Şərqi Avropadakı müharibənin daha da genişlənməsinə şərait yarada bilər. Bu, danışıqlar istiqamətində addımların atıldığı və bəlkə də səylərin əsirgənmədiyi bir vaxtda əlavə təhlükə yaradır.
Sözügedən iddianın mümkün nəticələri barədə Crossmedia.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Fransa heç bir əsgərini döyüş meydanına göndərmək niyyətində deyil: “Rəsmi Paris yalnız tərəflər arasında atəşkəsin əldə olunmasına çalışır. Fransa Prezidenti Emmanuel Makron dəfələrlə Ukrayna lideri Volodimir Zelenski ilə görüşlərində bu mövqeyini açıq şəkildə ifadə edib. NATO ölkələri də öz qoşunlarını birbaşa müharibəyə cəlb etmək fikrində deyillər. Hazırda yeni situasiya formalaşıb — bu şəraitdə NATO dövlətləri Ukraynaya əsasən silah-sursat, maliyyə və humanitar dəstək göstərməklə kifayətlənirlər”.
Müsahibimiz söyləyib ki, Fransa münaqişənin yalnız sülh yolu ilə həllinə tərəfdardır: “Rusiyanın törətdiyi vəhşiliklər fonunda fransız əsgərlərinin və zabitlərinin həyatını riskə atmaq Makron hakimiyyəti üçün ciddi siyasi nəticələr yarada bilər. Buna görə də Fransa Ukraynaya hərbi deyil, maddi yardım göstərir. Onlar bu müharibəni öz müharibələri kimi dəyərləndirmirlər. Fransız hərbçilərinin birbaşa döyüşdə iştirak etməsi real sayılmır”.
Sevinc Sultanlı
14:41 28.10.2025
Oxunuş sayı: 1255