Trampdan müjdə: Yaxın Şərqə sülh gəlir?
Yaxın Şərqdə diplomatik münasibətlərin normallaşdırılması prosesi yeni mərhələyə qədəm qoyur. 2020-ci ildə imzalanan İbrahim sazişləri İsrail ilə bir sıra ərəb ölkələri arasında əməkdaşlığın əsasını qoyub. ABŞ-nin Prezidenti Donald Trampın sözlərinə görə, Səudiyyə Ərəbistanı da 2025-ci ilin sonunadək "İbrahim sazişlərinə" qoşula bilər. Tramp bildirib ki, regionda sülh mühiti formalaşır və yaxın vaxtlarda yeni ölkələrin də sazişə qoşulması gözlənilir.
Crossmedia.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Lalə Xəlilzadə bu barədə danışarkən bildirib:

“Məlum olduğu kimi, "İbrahim Sazişi" 2020-ci ildə bəzi ərəb ölkələri — daha dəqiq desək, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn, həmçinin digər ölkələrin iştirakı ilə imzalanmışdı. Bu sənədin məqsədi Yaxın Şərqdə sülhün və sabitliyin təmin edilməsidir. Lakin növbəti mərhələdə bu müqaviləyə qoşulacaq əsas ölkə kimi Səudiyyə Ərəbistanı nəzərdə tutulurdu. 2023-cü ilin oktyabrında baş verən Həmas–İsrail müharibəsi isə bu prosesi dayandırdı və ümumilikdə İbrahim Sazişinin davamlılığını sual altına aldı".
Ekspertin sözlərinə görə, Qəzza müharibəsi davam etdiyi və Fələstin məsələsi açıq qaldığı müddətdə sazişin genişlənməsi yalnız diplomatik niyyət kimi görünür:
“Son illərdə bu istiqamətdə müəyyən durğunluq müşahidə olunur. Səudiyyə Ərəbistanı da dəfələrlə bəyan edib ki, Fələstin dövləti yaradılmadan normallaşma, o cümlədən İbrahim Sazişinə qoşulmaq mümkün deyil".
L.Xəlilzadə qeyd edib ki, Misirin Şarm əl-Şeyx şəhərində imzalanan sülh sazişi bu mövzunu yenidən gündəmə gətirib:
“Oktyabr ayında baş tutan Şarm əl-Şeyx sülh sazişi Səudiyyə Ərəbistanının anlaşmaya qoşulma ehtimalını yenidən artırdı. Ardınca ABŞ Prezidenti Donald Tramp da bəyan etdi ki, Səudiyyə Ərəbistanı yaxın vaxtlarda bu sazişlərə qoşula bilər. Amma bu, hələlik ehtimal xarakteri daşıyır. Tramp daha əvvəl, may ayında da oxşar açıqlama vermişdi".
Ekspert hesab edir ki, Səudiyyə Ərəbistanının öz tələbləri məsələnin ləngiməsinə səbəb olur:
“Ər-Riyadın əsas şərti Qəzza münaqişəsinin tam bitməsi və Fələstin dövlətinin yaradılmasıdır. İsrail bu tələbləri qəbul etmir və iki dövlətli həll variantına qarşı çıxır. ABŞ isə sülh prosesini daha çox təhlükəsizlik və idarəetmə mexanizmləri üzərində qurmaq niyyətindədir".
O, əlavə edib ki, Fələstinin HƏMAS təşkilatının tərksilahı və Qəzzanın azad edilməsi kimi məsələlər də açıq qalır:
“Bu məsələlərdə konkret nəticə yoxdur, çünki Həmas bu şərtlərlə razılaşmayıb. Noyabr ayında vəliəhd şahzadə Məhəmməd bin Salman ABŞ-a səfər edəcək və bu məsələ müzakirələrin əsas mövzularından biri olacaq. O səfərdən sonra vəziyyətə daha aydın qiymət vermək mümkün olacaq".
Ekspert bildirib ki, hazırda sülh təşəbbüsü reallıqdan çox strateji mesaj xarakteri daşıyır:
“Qəzzadakı müharibə bitmədən, Fələstin məsələsi həll olunmadan iki dövlətli həllin reallaşması çətindir. Bu səbəbdən də Yaxın Şərqdə sabit diplomatik nizamın formalaşması hələlik mümkün görünmür. Səudiyyə Ərəbistanının bu anlaşmaya qoşulması barədə qəti qərar yoxdur, Səudiyyə və İsrail mediasında da bu barədə rəsmi məlumat yayılmayıb".
Müsahibimizin fikrincə, sazişin imzalanması halında regionda sülhə mühüm təkan verilə bilər:
“Lakin Məhəmməd bin Salmanın ABŞ səfəri hələ baş tutmayıb, həmçinin Qəzzada elan olunan atəşkəsin davamlılığı da sual altındadır. Şarm əl-Şeyx sülh sazişi 20 maddədən ibarət barışıq sənədidir, lakin onun ərəb dövlətləri tərəfindən necə həyata keçiriləcəyi hələ bəlli deyil. Buna görə də, atəşkəsin davamlı olub-olmayacağı və ərəb ölkələrinin yekdil mövqeyi aydınlaşmadan, nə bu sülh sazişi, nə də Səudiyyə Ərəbistanının İbrahim Sazişinə qoşulması barədə qəti fikir söyləmək mümkündür. Amma istənilən halda, bu sənədin imzalanması Yaxın Şərqdə sülhə müsbət təsir göstərə bilər".
Mehriban Yariyeva
14:27 25.10.2025
Oxunuş sayı: 5584