Lavrovun İran səfəri İsraili daha sərt addımlar atmağa məcbur edir - Politoloq
Rusiya xarici işlər naziri Sergey Lavrovun oktyabrın 19-da İrana işgüzar səfəri planlaşdırılır. Səfər çərçivəsində Rusiya və İran arasında ikitərəfli münasibətlərin inkişafı, regional təhlükəsizlik məsələləri və Yaxın Şərqdə mövcud gərginliyin azaldılması istiqamətində müzakirələrin aparılması gözlənilir. Xüsusilə İran ətrafında yaranmış vəziyyət, ABŞ və İsrailin regiondakı fəaliyyəti fonunda Moskva ilə Tehranın mövqeləri və mümkün əməkdaşlıq istiqamətləri diqqət çəkir. Bu baxımdan, Lavrovun səfərinin siyasi əhəmiyyəti və regional proseslərə mümkün təsirləri maraq doğurur.

Politoloq Fikrət Sadıqov Crossmedia.az-a açıqlamasında səfərin məqsədləri, Rusiya-İran münasibətlərinin hazırkı vəziyyəti və görüşün regiondakı geosiyasi proseslərə mümkün təsirləri barədə fikirlərini bölüşüb : "Rusiya Xarici İşlər naziri Lavrovun İrana getməsi və bir sıra görüşlər keçirməsi, müəyyən razılaşmaların əldə olunması güc balansına müəyyən dərəcədə təsir edə bilər. Çünki bura çox həssas regiondur və bu da ilk növbədə ABŞ və İsrailin narazılığına səbəb olar. Çünki aydın məsələdir ki, İran indi ABŞ-lə İsrailin əsas hədəfidir. Və Rusiyanın İranla yaxınlaşması, yeni sazişlərin imzalanması, digər tərəfdən hərbi-texniki əməkdaşlıq və sanksiyalardan yayınma cəhdləri, ABŞ-lə İsrailin maraqlarına cavab verməyən amillərdir. Düşünürəm ki, indi ABŞ-lə İsrail çalışacaqlar bu güc balansını öz xeyirlərinə dəyişdirsinlər. Orada İrana qarşı hərbi addımlar atıla bilər. Digər tərəfdən, İsrail daha radikal bir addım ata bilər, çünki gördüyümüz odur ki, İsrailin rəhbərliyi daha sərt bir addımların atılmasının tərəfdarıdır. Və eyni zamanda bu Rusiya-İran yaxınlaşmasına müəyyən töhfə verən addımlardır. Və Lavrovun da İrana səfəri, orada müəyyən razılaşmaların əldə olunması, düşünürəm ki, birdəfəlik olaraq İranın daha da güclənməsinə gətirib çıxaran bir amillərdən biridir."
Politoloq qeyd edib ki, beləliklə, Sergey Lavrovun Tehran səfəri Rusiya ilə İran arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır: "Görüşün nəticələrinin iki ölkənin regional məsələlərdə əməkdaşlığına, eləcə də Yaxın Şərqdəki siyasi və təhlükəsizlik proseslərinə necə təsir göstərəcəyi qarşıdakı dövrdə aydınlaşacaq".
Fəridə Yaşarqızı
19:00 16.10.2026
Oxunuş sayı: 70