ABŞ-də seçkilərin dayandırılması və hərbi vəziyyət elan edilməsi təklif olunur
ABŞ Prezidenti Donald Trampı dəstəkləyən MAGA hərəkatının bəzi fəalları noyabrda keçiriləcək Konqres seçkilərinin saxtalaşdırıldığını iddia edəcəkləri təqdirdə hərbi vəziyyət elan olunması da daxil olmaqla fövqəladə tədbirlərə çağırırlar.
Crossmedia.az xəbər verir ki, “Axios” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, seçki prosedurlarına yenidən baxılmasını istəyən fəallar sentyabrın 30-da “Rumble” platformasında yayımlanan videokonfransda mümkün addımları müzakirə ediblər. Trampın uşaqlıq dostu olan vəkil Piter Tiktin ehtimal olunan seçki saxtakarlıqları ilə bağlı hərbi vəziyyət elan edilməsinin lazım gələ biləcəyini bildirib.
Tiktin daha sonra “Axios”a açıqlamasında mümkün pozuntuları araşdırmaq üçün bülletenlərin və səsvermə avadanlıqlarının götürülməsinin tələb oluna biləcəyini deyib.
Müzakirədə 2024-cü ildə seçki avadanlığına girişlə bağlı qanun pozuntularına görə məhkum edilmiş Kolorado ştatının keçmiş seçki administrasiyası əməkdaşı Tina Piters də iştirak edib. Bu il ştatın qubernatoru Cared Polis onun cəzasını yüngülləşdirib.
Digər iştirakçı Qreqori Stenstron təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək seçkilərin dayandırılmasını təklif edib. O, alternativ olaraq Trampın fövqəladə vəziyyətlə bağlı qanundan istifadə etməklə ştatları seçki qaydalarını dəyişməyə məcbur edə biləcəyini irəli sürüb. Piters isə mümkün olan yerlərdə kağız bülletenlərdən istifadə və səslərin əl ilə yenidən sayılması planını müdafiə edir.
“Axios”un yazdığına görə, seçkilərin saxtalaşdırılacağına dair iddiaları təsdiqləyən heç bir sübut yoxdur. Hüquq ekspertləri də vurğulayırlar ki, ABŞ prezidentinin federal seçkiləri təxirə salmaq, seçki materiallarını götürmək və ya ştatların seçki qanunlarını ləğv etmək səlahiyyəti yoxdur. Bu məhdudiyyətlər hərbi vəziyyət elan olunduğu halda da qüvvədə qalır.
20:08 16.10.2026
Oxunuş sayı: 255