Qadını xəstəxanada unudub qapını bağladılar
ABŞ-ın Nyu-Hempşir ştatında astma tutması səbəbindən klinikaya müraciət edən qadın tibbi personal tərəfindən unudulub və müəssisənin daxilində bağlı qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Tia Çendler Kinin şəhərindəki klinikaya astma tutmasından sonra müraciət edib. Saat 19:45 radələrində tibb işçisi ona steroid inyeksiyası vuraraq geri qayıdacağını bildirib. Lakin qadının sözlərinə görə, heç kim geri dönməyib.
Çendler günün sonunda personalın işinin çox ola biləcəyini düşünərək gözləməyə davam edib. Ancaq saat 20:20-də, klinikanın bağlanmasından 20 dəqiqə sonra, binada tək qaldığını anlayıb.
Qadın çıxmağa çalışsa da, siqnalizasiya işə düşüb. O, polisə zəng edib və həyat yoldaşına klinikada bağlı qaldığını yazıb. Çendlerin sözlərinə görə, həmin anda onu güclü panika bürüyüb.
Hadisə yerinə gələn polis əməkdaşları binanın bağlanmasından sonra kiminsə içəridən çıxmağa çalışdığını təsdiqləyiblər. Onlar qadının binadan çıxmasına kömək edib və onu evinə aparıblar.
Klinika rəhbərliyi hadisənin baş verməməli olduğunu və bunun göstərilən tibbi xidmətin keyfiyyətini əks etdirmədiyini bildirib. Qurum belə bir vəziyyətin bir daha təkrarlanmaması üçün tədbirlər görüləcəyini vəd edib.
21:04 16.10.2026
Oxunuş sayı: 160