Kişilər niyə tez ölür? - Səbəb açıqlandı
Azərbaycanda kişilər və qadınlar arasında ölüm faizlərinin müqayisəsi sosial həyatın risk dərəcəsini göstərən diqqətçəkən mənzərəni ortaya qoyur. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2025-ci ildə ölkəmizdə travmalar, zəhərlənmələr və digər xarici səbəblərdən ölüm göstəricisi kişilər arasında hər 100 min nəfərə 41,2 təşkil etdiyi halda, qadınlarda bu rəqəm cəmi 10,4 olub. Kişilər arasında ölüm riskinin qadınlarla müqayisədə dörd dəfəyə yaxın yüksək olması təkcə bioloji amillərlə deyil, birbaşa cəmiyyətdəki sosial rol, ailə məsuliyyəti, iş şəraiti və günlük həyat tərzinin gətirdiyi gərginliklərlə sıx bağlıdır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov kişilər arasında vaxtsız dünyasını dəyişmə və bədbəxt hadisələrə məruz qalma göstəricilərinin yüksək olmasını sosioloji aspektdən şərh edib:
"Dünyanın hər bir yerində qadın və kişi ömür nisbətini təhlil edib statistikasını apardıqda məlum olur ki, qadınlarda kişilərə nisbətən qəfil ölümlər, zəhərlənmələr, yaxud müxtəlif situasiyalarda travma alaraq zədələnmək və vaxtsız dünyasını dəyişmək kimi hallar ümumiyyətlə kişilərdə daha çox, qadınlarda isə daha azdır. Çünki kişilər sosial həyatda və sosial münasibətlərdə daha çox olurlar və bu münasibətlər çərçivəsində onların rol funksiyaları daha çoxdur. Yəni kişilər tərəfindən yerinə yetirilən funksiyaların çoxluğu — ailə başçısı olmaq, işdə hər hansı bir peşə üzərində çalışmaq, övladın sosial problemləri və qayğıları ilə bağlı çabalamaq (düzdür, bunu qadınlar da edirlər, hətta kişilərdən çox çalışan qadınlar var, amma ümumi statistika yüksək deyil) kişilərdə risklərin çəkisinin və statistikasının artmasına səbəb olur."
Ekspert həmçinin kişilərin gündəlik həyat tərzi, qidalanma vərdişləri və üzərlərinə götürdükləri məsuliyyətin fiziki-mənəvi fəsadlarına diqqət çəkib:
"Bununla yanaşı, kişilər qadınlara nisbətən evdənkənar yerlərdə qidalanma, xüsusilə müxtəlif tədbirlərdə həddindən artıq çox qıda qəbul etmə, alkoqollu içkilər istifadə etmə, bəzən isə az hərəkət etmək — daha çox sükan arxasında və ya oturaq vəziyyətdə olmaq kimi amillərə də daha çox məruz qalırlar. Xüsusilə müasir dövrdə sosial şəbəkələr və sosial medianın təsiri ilə kişilərin qadınlara nisbətən telefonla daha çox danışdıqları müşahidə olunur. Düzdür, yazışmaqda, paylaşım etməkdə qadınların da statistikası böyükdür, lakin birbaşa telefon danışıqlarına kişilər daha çox vaxt ayırırlar.
Bütün bunlar həyat tərzinin özünün də onların peşə fəaliyyətinə və sağlamlığına təsirini göstərir. Xüsusən nəzərə almaq lazımdır ki, bəzən qadınlar bunun fərqində olmasalar da, kişilərin götürdükləri məsuliyyət həyatda daha böyükdür. Çünki ailə qurarkən qadınlar addım atıb kişini seçmirlər; kişilər addım atıb qadını seçmək, ev qurmaq, toy etmək addımını atırlar. Deməli, ailə təsərrüfatı qurmaq, ailə başçısı olmaq addımı kişilərdən başlayır və bu da sosial məsuliyyətin onların üzərində daha çox cəmlənməsi ehtimalını xeyli artırır."
Nigar Xəlilli
20:00 16.10.2026
Oxunuş sayı: 200