Ərdoğan hakimiyyətdən gedir - yerinə kim gələcək?
Türkiyədə növbəti prezident seçkilərinin 2028-ci ilin mart və ya aprel aylarında keçirilməsi və Rəcəb Tayyib Ərdoğanın yenidən namizəd olacağı gözlənilir. Lakin Konstitusiyanın mövcud tələbləri, parlamentdəki siyasi güclər nisbəti və növbədənkənar seçki ehtimalları fonda Türkiyə tarixinin ən çətin və mürəkkəb siyasi proseslərindən birinin yaşanacağı dəqiqdir. Müxalifətin sosial bazasının genişlənməsi, iddialı liderlərə qarşı hüquqi-siyasi addımların atılması və cəmiyyətdəki daxili gərginlik seçki öncəsi şəraiti daha da kritikləşdirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, Türkiyədə növbəti prezident seçkilərinin gedişatını və dəqiq vaxtını indidən proqnozlaşdırmaq olduqca mürəkkəbdir:

"Türkiyədə növbəti prezident seçkiləri bu ölkənin tarixində bəlkə də ən çətin və mürəkkəb seçkilər olacaq. Bu, mübahisəsiz belədir. Seçkinin dəqiq şəkildə 2028-də keçirilib-keçirilməyəcəyini söyləmək indi olduqca çətindir. Çünki Türkiyə konstitusiyasına görə, orada prezident seçkilərinin növbəti mərhələsi 2028-ci ildə keçirilməlidir. Amma 2028-ci ildə prezident seçkilərinin keçirilməsi siyasi olaraq indiki hakimiyyətin, yəni Ərdoğanın marağında deyil. Ona görə ki, Türkiyənin mövcud konstitusiyası 2028-ci ildə, yəni növbəti prezident seçkilərində Ərdoğanın namizədliyinin verilməsini mümkünsüz edir. Konstitusiyada bunu məhdudlaşdıran maddə var.
Ona görə də növbəti dəfə Ərdoğanın namizədliyinin verilməsi üçün ya konstitusiya dəyişdirilməlidir, ya da seçki növbədənkənar keçirilməlidir. Yəni 2027-ci ildə bu seçkilərin keçirilməsi hakim Ədalət və Tərəqqi Partiyasının öz namizədi ilə — Ərdoğanla seçkiyə getməsinin mübahisəsiz olaraq yeganə şərtidir. Amma məsələ burasındadır ki, həm Türkiyə konstitusiyasının dəyişdirilməsi hazırkı şəraitdə çox mürəkkəb və çətin görsənir. Çünki konstitusiyanın dəyişdirilməsi üçün konstitusiya referendumu keçirilməlidir. O referendumun keçirilməsi üçün parlamentdə qərar verilməlidir. Bu qərarın verilməsi indi olduqca ciddi problemlərlə üzləşib. Eyni zamanda, bu seçkilərin vaxtından qabaq keçirilməsini isə müxalifət də tələb eləyir”.
Siyasi ekspert həmçinin müxalifətə olunacaq təzyiqlərə və cəmiyyətdəki gərginliyə diqqət çəkib:
"Hazırda Türkiyədə Cümhuriyyət Xalq Partiyasını parçalamaq yönündə müəyyən addımlar atılsa da, Cümhuriyyət Xalq Partiyasından yaranan yeni partiya çox böyük sürətlə siyasi olimpa doğru irəliləməkdədir. Açıq-aşkar görsənir ki, Türkiyə cəmiyyəti yeni partiyaya və onun liderinə çox böyük üstünlük verir. Belə şəraitdə seçkilərin keçirilməsi, yəni yeni partiyanın namizədinin də qatıla biləcəyi seçkilərdə iştirak etmək və qalib gəlmək olduqca riskli görsənir. Ona görə də fikrimcə, hakimiyyətin indi atdığı addımlar həm fövqəladə seçkilərin keçirilməsinə nail olmaqdır, həm fövqəladə seçkilərdə qələbəni asanlaşdırmaq üçün seçkiyə qatıla biləcək ən güclü müxalifət liderlərinin sıradan çıxarılması yolu seçilib. Təsadüfi deyil ki, Türkiyədə artıq müxalifətdən çox ciddi fiqurlardan biri sayılan İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlu həbsdədir. Hazırda digər böyük iddiaçı olan Özgür Özələ qarşı da müəyyən kampaniya gedir, hətta onun deputat toxunulmazlığının əlindən alınması yönündə parlamentə qanun da təklif olunub.
Aydın məsələdir ki, seçkiyə qədər müxalifətdən təhlükə törədə biləcək bütün fiqurların sıradan çıxarılması kimi bir işin görüldüyü ortada görsənir. Bunlar Türkiyənin cəmiyyətini daxildə parçalayır, Türkiyə cəmiyyətinin daxilindəki gərginliyi artırır. Xüsusilə də deyim ki, bundan əvvəlki 2023-cü ilin seçkilərində Türkiyədə hakimiyyətin və müxalifətin səsləri demək olar yarıbayarı bölündü. Hardasa 24 milyondan bir neçə yüz min səs artıq Ərdoğan almışdı, 23 milyon 800 min 700 səs də müxalifətin namizədi almışdı. İqtidarın və müxalifətin namizədlərinin arasında səs fərqi Türkiyə kimi 85 milyonluq bir ölkədə cəmi 700-800 min səs ilə ölçülürdü. 2023-cü il seçkilərindən keçən bu müddət ərzində isə Türkiyədə mənim müşahidələrimə görə, daha çox müxalifətin sosial bazası genişlənib. Ona görə ki, hakimiyyətlə bağlı bəzi onun siyasi nüfuzuna kölgə sala biləcək müəyyən hadisələr baş verib. Belə şəraitdə Türkiyədə növbəti prezident seçkilərinin olduqca gərgin keçəcəyini tam qətiyyətli şəkildə proqnoz eləmək mümkündür. Allah saxlasın ki, Türkiyənin daxilində vətəndaş qarşıdurmaları olmasın. Amma hadisələrin hətta vətəndaş qarşıdurması formasında cərəyan edə biləcəyini də düşünmək mümkündür."
Nigar Xəlilli
20:30 16.10.2026
Oxunuş sayı: 217