Trampın İrana zərbə planı Yaxın Şərqi alovlandıracaq - Ekspert
ABŞ-nin İrana qarşı müharibə ritorikası və hərbi planları beynəlxalq gündəmin ən kritik mövzusuna çevrilib. Vaşinqtonun Tehranın enerji infrastrukturu və nüvə obyektlərini, o cümlədən Natanz yaxınlığında, Kolang-Qaz-La dağının altında yerləşən strateji məntəqələri vurmaq üçün arsenalındakı ən güclü qeyri-nüvə silahı olan — 9,5 tonluq GBU-43/B (“bütün bombaların anası” – MOAB) aviasiya bombasından istifadə variantını nəzərdən keçirməsi gərginliyi pik həddə çatdırıb. ABŞ-də keçiriləcək aralıq seçkiləri fonunda Prezident Donald Trampın hərbçilərə əlavə zərbə planları hazırlamaq tapşırığı verməsi, bir tərəfdən seçkiqabağı çəkindirici psixoloji təsir vasitəsi sayılsa da, digər tərəfdən beynəlxalq hüququn işləmədiyi müasir dövrdə real hərbi toqquşma ssenarisini istisna etmir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq Şakir Ağayev bildirib ki, Trampın müharibə ritorikası həm Amerika daxilindəki seçki konyunkturasına nəzərdə tutulmuş təbliğat ola bilər, həm də real addımların anonsu kimi qiymətləndirilə bilər:

"Tramp dəfələrlə qeyd edib ki, İranı "yox edəcək", "yerlə-yeksan edəcək". Noyabrın 3-də ABŞ-da keçiriləcək aralıq seçkiləri yaxınlaşdıqca Trampın müharibə ritorikası da artır. Eyni zamanda paralellər apararaq bildirir ki, biz İranı bizimlə razılığa gəlməyə məcbur edəcəyik. Sözsüz ki, bu bəyanatlar seçkilərə hesablanmış təbliğat da ola bilər, real hərbi plan da. Beynəlxalq hüququn işləmədiyi bir dövrdə yaşadığımız üçün indiki müasir dünyada heç bir ssenari istisna edilmir.
Əgər Amerika Birləşmiş Ştatları bu ağır bombalardan istifadə edərsə, regionda vəziyyət kəskin şəkildə pisləşəcək. İran tərəfi, o cümlədən parlament spikeri Qalibaf və SEPAH generalları dəfələrlə bəyan ediblər ki, ABŞ-ın növbəti təcavüzü olarsa, Amerikanın Yaxın Şərqdəki bütün hərbi bazaları və müttəfiqləri — Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İordaniya və Qətər daha güclü silahlarla birbaşa hədəf alınacaq. Belə bir şəraitdə İranın adekvat cavab tədbirləri regionu daha ağır və genişmiqyaslı müharibələrə sürükləyə bilər. Trampın seçkilərdən əvvəl və ya sonra yeni hücut əməliyyatına başlama ehtimalı yüksəkdir və bu proses bütün region dövlətləri üçün fəlakətli nəticələrə gətirib çıxara bilər."
Zeynəb Həsən
16:00 15.10.2026
Oxunuş sayı: 64