Tramp Ukraynada Starlink-in məhdudlaşdırılması ilə bağlı iddiaları təkzib edib
ABŞ Prezidenti Donald Tramp Ukrayna ordusunun istifadə etdiyi Starlink peyk rabitəsi xidmətinin müvəqqəti məhdudlaşdırılması barədə göstəriş vermədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Ondan Starlink xidmətinin sahibi, milyarder İlon Maskla birlikdə Ukraynada rabitəyə çıxışın dayandırılması barədə qərar verib-vermədiyi soruşulub.
“Bu, mənim qərarım olmayıb və düşünmürəm ki, İlonun da qərarı olub”, – deyə Tramp bildirib. O əlavə edib ki, bildiyi qədər xidmət əvvəlki qaydada işləyir.
Ukrayna Prezidenti Volodimir Zelenski isə cümə günü Starlink xidmətinin ölkədə tamamilə söndürülmədiyini, lakin sürət məhdudiyyətlərinin onun bəzi hərbi və humanitar məqsədlər üçün istifadəsini çətinləşdirdiyini deyib.
Brüsseldə keçirilən Avropa İttifaqı liderlərinin sammiti çərçivəsində danışan Zelenski Ağ Evdən xidmətin tam bərpa olunacağına dair siqnallar aldıqlarını bildirib.
00:30 17.10.2026
Oxunuş sayı: 53