Azərbaycan Elm Fondunun 2025-ci il üzrə qrant müsabiqələrinin yəkunları elan edildi

Azərbaycan Respublikasında elmin inkişafına, gənc alim və tədqiqatçıların dəstəklənməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və Qarabağın bərpasına yönəlmiş müxtəlif qrant müsabiqələrinin nəticələri elan olunmuşdur.
Azərbaycan Elm Fondundan Crossmedia.az-a verilən məlumata görə, bu il təşkil edilən “Əsas Qrant Müsabiqəsi – 2025” uğurla başa çatmışdır. Müsabiqəyə 160-dan çox layihə təqdim olunmuş, onların arasından 20 layihə qalib elan edilmişdir. Qrant dəstəyi qaliblərə elmi-tədqiqat fəaliyyətlərinin inkişafı, yeni nəticələrin əldə edilməsi və beynəlxalq elmi məkanla inteqrasiya üçün geniş imkanlar yaradacaqdır
Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsi
Elmin inkişafı və gənc tədqiqatçıların dəstəklənməsi məqsədilə keçirilən “Gənc alim və tədqiqatçıların 9-cu qrant müsabiqəsi” də uğurla yekunlaşmışdır. Respublikanın müxtəlif universitetlərindən və institutlarından yüzlərlə layihə təqdim edilmiş, nəticədə 30-dan artıq layihə qalib elan olunmuşdur. Bu qrantlar gənc alimlərin yaradıcılıq potensialının üzə çıxarılmasına və onların beynəlxalq elm məkanına inteqrasiyasına imkan yaradacaqdır
15-ci Mobillik qrant müsabiqəsi
Gənc alimlərin və doktorantların beynəlxalq elmi mühitə inteqrasiyası məqsədilə keçirilən “Mobillik qrant müsabiqəsi”nin 15-ci mərhələsi də uğurla yekunlaşmışdır. Qiymətləndirmə nəticəsində 6 gənc alim və tədqiqatçı qalib seçilmişdir. Onlar dünyanın nüfuzlu universitetlərində və elmi mərkəzlərində təcrübə proqramları keçmək, beynəlxalq konfranslarda iştirak etmək və yeni əməkdaşlıq əlaqələri qurmaq imkanı qazanacaqlar
Qarabağ – Azərbaycandır! – 3 qrant müsabiqəsi
Qarabağın bərpası və dirçəlişi istiqamətində təşəbbüsləri stimullaşdırmaq məqsədilə təşkil edilən “Qarabağ – Azərbaycandır! – 3” qrant müsabiqəsi də başa çatmışdır. Yüzlərlə layihə arasından seçilən qalib layihələr Qarabağın sosial-iqtisadi inkişafına, yenidənqurma prosesinə və elmi-praktik əsasların möhkəmləndirilməsinə töhfə verəcəkdir
Keçirilən bu qrant müsabiqələri ölkəmizdə elmi potensialın artırılmasına, gənc alimlərin və tədqiqatçıların inkişafına, beynəlxalq elmi əməkdaşlıqların möhkəmlənməsinə, eləcə də Qarabağın bərpa və inkişaf prosesinə mühüm dəstək göstərir.
Daha ətraflı məlumatı Azərbaycan Elm Fondunun rəsmi saytında əldə etmək olar: www.aef.gov.az
10:28 12.09.2025
Oxunuş sayı: 1567