Türkiyədən İsrailin Qəzzaya hücumu ilə bağlı sərt bəyanat: Proseslər Yaxın Şərqi hara aparır?

Türkiyə Xarici İşlər Nazirliyinin İsrailin Qətərə hücumu barədə yaydığı bəyanatda bildirilib ki, rəsmi Təl- Əviv müharibəni uzatmağa çalışır.
Qeyd olunub ki, atəşkəs müzakirələri davam edərkən HƏMAS heyətinin hədəf alınması İsrailin sülh üçün çalışmadığını, savaşı uzatmağa səy göstərdiyini göstərir: "Bu hücum nəticəsində İsrailin regionda hədəf aldığı ölkələr sırasına atəşkəs müzakirələrinə vasitəçilik edən Qətər də daxil oldu".
Türkiyə XİN Qətəri dəstəklədiyini və hücumu pislədiyini bildirib.
Baş verənlər barədə Crossmedia.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, Türkiyənin İsrailin yaxın vaxt sülh siyasətinə mövqeyi əvvəldən bəlli olub: "Türkiyəyə görə İsrail yaxın və Orta Şərqdə aqressiya mənbəyidir. Həm Qəzzada həyata keçirdiyi müharibə, həm də digər region ölkələrinə yönələn hücumlar Türkiyənin gözündə İsraili bir təhdid mənbəyinə çevirib. 2023-cü ilin oktyabrından sonra İsrail Qəzzada müharibə aparıb, Livana və Suriyaya hücumlar həyata keçirib. Düzdür, bu hücumların əsas səbəbi İsrailin özünü müdafiə haqqıdır, çünki həmin bölgələrdən İsrailə qarşı davamlı hücumlar edilirdi. Amma Türkiyəyə görə bu addımlar həm region balansının pozulmasına, həm də Qəzzada humanitar böhranın yaranmasına səbəb olur."
S. Zahidov qeyd edib ki, Ankaranın region siyasətində əsas məqsədi yaxın və Orta Şərqin sabitliyi və təhlükəsizliyidir: "Türkiyə artıq Hakim Ədalət və İnkişaf (AK Parti) partiyasına gəlməzdən etibarən regionda güc mərkəzi olmaq, təsir imkanlarını genişləndirmək istəyir. Bu baxımdan Türkiyənin açıqlamaları təəccüblü deyil. Qətər Türkiyənin regiondakı yaxın dostlarından biridir və İsrailin Qətərə yönələn hücumu sözsüz ki, Türkiyənin maraqlarına uyğun deyil. Ona görə Türkiyə Qətərin yanında yer alır."
Politoloq əlavə edib ki, Qəzza ətrafında sülh danışıqları artıq iki ilə yaxındır ki, nəticə vermir: "Hər iki tərəfdə güzəştə getmək istəməyən fiqurlar var. İsrailin hazırkı hökuməti tarixinin ən konservativ hökumətidir, qatı millətçilər və ultrasağçı dindarlar Qəzzanın tam şəkildə İsrailə ilhaq olunmasını tələb edirlər. Digər tərəfdə radikal HƏMAS qruplaşmaları olduğundan danışıqların nəticə verəcəyi real görünmür. İsrail hələ Qəzzada tam hədəflərinə nail ola bilməyib. Əsirlər geri qaytarılmayıb, hələ 50 əsir var. İsrailin hədəfi HƏMAS-ı tamamilə məhv etmək olsa da, bu hədəfə çatmayıb. Ona görə Qəzzada genişmiqyaslı əməliyyatlara davam edir."
Mehriban Yariyeva
14:22 10.09.2025
Oxunuş sayı: 1080