Monrealda Azərbaycan nəfəsi: ölkəmizə sonsuz maraq







Monreal Kanada-Azərbaycan Cəmiyyəti Monrealda keçirilən Orientalys Festivalında ölkəmizi təmsil edib.
Crossmedia.az xəbər verir ki, şərq xalqlarının zəngin mədəniyyətini nümayiş etdirmək məqsədilə təşkil olunan festivalda Azərbaycanın qədim və zəngin mədəniyyəti, müxtəlif bölgələri, tarixi abidələri və coğrafi gözəllikləri haqqında ziyarətçilərə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan Etibar Cəfərovun müəllifi olduğu “The Colors of Azerbaijan” (“Azərbaycanın rəngləri”) kitabı, eləcə də Monreal Kanada-Azərbaycan Cəmiyyətinə komitənin xətti ilə göndərilən digər bütün nəşrlər festival iştirakçılarının xüsusi marağına səbəb olub. Kitabda yer alan rəngarəng və yüksək keyfiyyətli fotoşəkillər vasitəsilə ziyarətçilər Azərbaycanın təbiətini, tarixini və mədəni dəyərlərini vizual olaraq yaxından tanımaq imkanı əldə ediblər.
Festivalda qurulan Azərbaycan stendinə gələn ziyarətçilər kələğayı, araqçın və milli baş örtükləri ilə şəkil çəkdirməyə böyük maraq göstəriblər. Bir çox iştirakçı ölkəmiz haqqında sosial şəbəkələr vasitəsilə məlumatlandığını, Azərbaycanın mədəniyyətinə və insanlarına dərin rəğbət bəslədiyini bildirib.
Ziyarətçilər arasında Azərbaycana turist kimi səfər etmək arzusunda olanlar bu istəklərini ifadə edib, bəziləri isə Formula 1 yarışları zamanı Bakıya səfər etdiklərini və odlar ölkəsinə yenidən gəlmək arzusunda olduqlarını qeyd ediblər.
15:56 05.09.2025
Oxunuş sayı: 824