Azərbaycanla Braziliya arasında təhsil sahəsində əməkdaşlıq güclənir -DEPUTAT

Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında münasibətlərdə yeni əməkdaşlıq mərhələsi başlanır. İki ölkə arasında imzalanmış “Təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, eləcə də elm və təhsil sahəsində yeni imkanların yaradılmasına xidmət edir. Azərbaycan tərəfindən sənədi Braziliyadakı səfir Rəşad Novruz, Braziliya tərəfindən isə xarici işlər naziri Mauro Vieyra imzalayıb. Bu addım iki dövlət arasında dostluq münasibətlərinin daha da dərinləşməsinə və təhsil sahəsində birgə layihələrin reallaşmasına zəmin yaradır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-a bildirib ki, Azərbaycan ilə Braziliya arasında imzalanan bu Saziş xüsusi əhəmiyyət daşıyır: “Hesab edirəm ki, belə bir addımın atılması çox önəmlidir. Bu gün Azərbaycan dünyanın bir çox ölkələri ilə sıx əməkdaşlıq edir. Yəni, biz davamlı olaraq təhsil sahəsində ayrı-ayrı dövlətlərdə müxtəlif sənədlərin imzalandığının şahidiyik. Əgər biz təhsilimizi inkişaf etdirmək istəyiriksə, bu cür sənədlərin imzalanması olduqca vacibdir. Hesab edirəm ki, Braziliya ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq çox önəmlidir.”
Deputatın sözlərinə görə, bu əməkdaşlıq özünü təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasında göstərəcək:
“Bu, həm tələbə mübadiləsi, həm müəllim mübadiləsi, həm də ümumi əlaqələrin inkişafı üçün böyük imkanlar açacaq. Braziliyanın bir sıra universitetləri kifayət qədər uğur qazanıblar, dünyada reytinqləri var. Ona görə də bu sahədə əməkdaşlıq hər iki ölkənin maraqlarına cavab verir və qarşılıqlı təcrübə mübadiləsinə töhfə verəcək".
Deputat əlavə edib ki, atılan bu addımlar Azərbaycanla Braziliya arasında təhsil sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcək, ölkələrarası dostluq münasibətlərini gücləndirəcək.
Mehriban Yariyeva
13:04 03.09.2025
Oxunuş sayı: 1440