VII Türkoloji yay məktəbi yekunlaşıb


Qarabağ Universitetində Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən 7-ci Türkoloji Yay Məktəbi başa çatıb.
Universitetdən Crossmedia.az-a bildirilib ki, yay məktəbinin keçirilməsində əsas məqsəd türkoloji tədqiqat sahəsində gənc alimlərin elmi potensialını gücləndirmək, müxtəlif ölkələrdən gələn iştirakçılar arasında qarşılıqlı bilik və təcrübə mübadiləsini təşviq etmək, müasir elmi yanaşmaların və praktik tədqiqat metodlarının öyrənilməsinə imkan yaratmaqdan ibarət olub.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Şimali Kipr və Makedoniyadan 32 gənc alim və doktorantın qatıldığı birhəftəlik yay məktəbi çərçivəsində türkologiyanın müxtəlif istiqamətləri – dilçilik, ədəbiyyatşünaslıq, tarix, etnoqrafiya və mədəniyyət araşdırmaları üzrə intensiv dərslər təşkil olunub. Dərslər 5 ölkədən – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş 15 tanınmış alim və mütəxəssis tərəfindən keçirilib.
Bununla yanaşı, iştirakçılar arasında türkologiyanın müvafiq istiqamətləri üzrə elmi yanaşmalar və tədqiqat təcrübələri paylaşılıb, müvafiq mövzularda elmi diskussiyalar aparılıb. Tədbir həm iştirakçı ölkələr arasında mövcud elmi əlaqələrin möhkəmləndirilməsinə, həm də Türk dünyasının ortaq elmi gələcəyinin formalaşmasına dəstək göstərilməsinə xidmət edib.
Yay məktəbinin Xankəndi şəhərində keçirilməsi, həmçinin Qarabağ Universitetinin müəllim və doktorant əməkdaşlarının proqramda fəal iştirak etməsi 7-ci dəfə təşkil olunan tədbir üçün xüsusi əhəmiyyət kəsb edib. Eyni zamanda, tədbir Qarabağ Universitetinin elmi fəaliyyətinin beynəlxalq səviyyədə nümayiş etdirilməsinə imkan yaradıb.
Yay məktəbində Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimov “Türk dünyasında ortaq əlifba problemi” mövzusunda, Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə isə “Qarabağın paleoekosisteminin insanın təkamülündəki rolu” mövzusunda mühazirələr oxuyub. Universitetin iki doktorant əməkdaşı da yay məktəbinin iştirakçıları sırasında yer alıb.
Proqram çərçivəsində iştirakçılar üçün gəzinti təşkil olunub. Gənc türkoloqlar Şuşaya və İsa bulağına gedəeək Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar.
Bundan əlavə, iştirakçılardan ibarət doqquz komanda – “Dədə Qorqud”, “Manas”, “Orxon-Yenisey”, “Oğuz”, “Altay”, “Alpamış”, “Xəzər”, “Göytürk” və “Turan” arasında bilik yarışı keçirilib. “Göytürk” komandası birinci, “Manas” komandası ikinci, “Dədə Qorqud” komandası üçüncü yerin qalibi olub və müvafiq sertifikatlarla təltif olunublar.
Yay məktəbinin sonunda iştirakçılara Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə sertifikatları təqdim olunub.
Xatırladaq ki, 7-ci Türkoloji Yay Məktəbinin açılışı avqustun 11-də olub. Açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türkiyə Elmlər Akademiyasının prezidenti Müzəffər Şəkərli çıxış edərək yay məktəbinin əhəmiyyətini vurğulayıb, təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkür ediblər.
Türkoloji Yay Məktəbi indiyədək Türkiyə, Qırğızıstan və Qazaxıstanda təşkil edilib. Qarabağ Universiteti bu ənənənin davamlılığını təmin etmək məqsədilə gələcəkdə də Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyası ilə Türk dünyasının ortaq irsinin araşdırılması, öyrənilməsi və təbliği istiqamətində birgə layihələr həyata keçirməyi planlaşdırır.
17:14 18.08.2025
Oxunuş sayı: 665