Netanyahunun şərtləri, yaxud yenidən müharibə?

Məlum olduğu kimi İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında davam edən müharibənin başa çatması üçün beş əsas şərt irəli sürüb. Netanyahunun açıqladığı plana görə, münaqişənin bitməsi üçün, HƏMAS-ın tam silahsızlaşdırılması, bütün israilli girovların azad edilməsi, Qəzza zolağının demilitarizasiyası, bölgədə təhlükəsizliyin İsrail tərəfindən təmin olunması, hakimiyyətin “israilli olmayan sülhsevər mülki administrasiyaya” verilməsi prosesi həyata keçirilməlidir. Baş nazir Qəzza şəhərinə nəzarəti ələ keçirməyin müharibəni tezliklə bitirməyin ən yaxşı yolu olduğunu deyib. O, həmçinin İsrailin təhlükəsiz humanitar dəhlizlər və yeni yardım məntəqələri açacağını vurğulayıb.
Netanyahuya görə, məqsəd işğal deyil, ərazinin “azad olunması”dır.
Maraqlıdır ki, Netanyahunun irəli sürdüyü şərtlər reallaşacaqmı və ya gələcəkdə bu məsələdə hansı hadislər gözlənilir ?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən politoloq, Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan Binyamin Netanyahunun irəli sürdüyü şərtlərin hələ iki il öncədən müəyyən edilmiş olduğunu qeyd edib.
“Hələ 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra İsrail hökuməti anti-Həmas əməliyyatı ilə bağlı əsas hədəflərini açıqladı. Bu hədəflərdən biri Həmasın Qəzza zolağında, Fələstinin digər ərazilərində və xarici ölkələrdəki rəhbərlərinin zərərsizləşdirilməsi, həmçinin təşkilatın hərbi və inzibati baxımdan tamamilə sıradan çıxarılması idi. Bundan əlavə, Fələstin Muxtariyyəti ərazisindəŞ yəni İsrailin baxışına görə, Fələstin dövlətinin mövcud olduğu ərazilərdə İsrailə qarşı fəaliyyət göstərən silahlı qruplaşmaların və onların liderlərinin məhv edilməsi də prioritetlər sırasında idi.
Binyamin Netanyahunun irəli sürdüyü şərtlərdə iki il öncə müəyyən edilmiş həmin hədəflərə əsaslanır Qəzza zolağının demilitarizasiya olunması, burada Həmasın iştirak etmədiyi bir hakimiyyətin qurulması və s. Hazırda Həmasın əlində olan girovlar qruplaşmaya müəyyən manevr imkanı verir və İsraili müəyyən addımlardan çəkindirir. Lakin ehtimal etmək olar ki, müəyyən mərhələdə İsrail hökuməti bu məsələni də radikal yollarla həll edəcək. Netanyahu bəyan edir ki, əməliyyatlar uzun çəkərsə, girovların acından ölməsi riski böyükdür. Bu isə onların bir hissəsinin artıq ağır vəziyyətdə olduğu ehtimalını gücləndirir”.
Politoloq həmçinin Həmasın hazırda əvvəlki gücündə olmamasınıda məsələnin həllində ciddi amil kimi qeyd edib.
“Mövcud şəraitdə Həmas əvvəlki gücündə deyil. Onun havadarları xüsusən Hizbullah əvvəlki kimi güclü deyil, İranın da regiondakı təsir imkanları azalıb. Buna görə hesab edirəm ki, yaxın vaxtlarda Həmasın tamamilə zəifləməsi və ya siyasi səhnədən çıxması mümkündür. Çünki Həmas və ona bənzər silahlı qruplaşmaların İsraillə üz-üzə qalması, Fələstinin müstəqilliyi və beynəlxalq aləmdə tanınması qarşısında əsas maneələrdən biridir” – deyə o qeyd edib.
Elmir Heydərli
15:55 11.08.2025
Oxunuş sayı: 1088