Türkmənistanda “Azərbaycan Milli Günü” keçiriləcək

Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə
Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində “Azərbaycan
Milli Günü” təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi
məlumat yayıb.
Məlumata görə 4-8 avqust tarixlərində keçiriləcək tədbirin məqsədi
Azərbaycanın zəngin mədəni irsini, incəsənət ənənələrini və müasir yaradıcılıq
potensialını təqdim etməkdir.
Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik
etdiyi nümayəndə heyəti, o cümlədən ölkəmizin tanınmış sənət xadimləri artıq
Türkmənistanın Avaza bölgəsindədirlər və tədbirin yüksək səviyyədə təşkili üçün
hazırlıq işləri davam etdirilir.
Proqram çərçivəsində Azərbaycan pavilyonunda milli sənətkarlıq
nümunələri, nəşrlər, suvenirlər və tətbiqi sənət əsərləri təqdim olunacaq. Açıq
hava sərgi zonasında xalçaçılıq, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti
nümayiş etdiriləcək, həmçinin ustad dərsləri keçiriləcək. Kulinariya guşəsində
milli mətbəximizin ənənəvi ləzzətləri təqdim olunacaq. Konsert proqramlarında
milli musiqi, rəqslər və müasir səhnə performansları nümayiş etdiriləcək.
Avqustun 5-də konfransın rəsmi açılışı çərçivəsində beynəlxalq Qala konserti təşkil
olunacaq. Ayın 6-da isə “Azərbaycan Milli Günü” möhtəşəm musiqi və rəqs
proqramı ilə qeyd ediləcək. Avqustun 8-də səhnəmizin tanınmış sənətkarlarının,
ifaçılarının iştirakı ilə təşkil olunacaq “Azərbaycan Milli Günü” Qala konserti
ilə yekunlaşacaq.
Azərbaycanın bu tədbirdə iştirakı yalnız mədəniyyət nümayişi
deyil, həm də sülh, əməkdaşlıq və mədəni diplomatiyanın inkişafına mühüm töhfə
olacaq.
19:50 03.08.2025
Oxunuş sayı: 695