Fələstin müstəqillik əldə edir: Yaxın Şərqdə yeni siyasi dövr yaranır

Fransa sentyabr ayında Fələstini müstəqil dövlət kimi tanıyacağını bəyan edib. Bu qərar İsrail rəsmiləri tərəfindən kəskin tənqid olunub. Baş nazirin müavini Yariv Levin bunu “biabırçılıq” və “terrora dəstək” adlandırıb. Xarici işlər naziri Gideon Saar isə Fransa Prezidenti Makronun öncə Parisdə təhlükəsizliyi təmin etməli olduğunu bildirib.
Fransanın bu addımı Fələstin məsələsində beynəlxalq legitimlik axtarışlarına ciddi dəstək kimi qiymətləndirilə bilər. Lakin İsrailin sərt reaksiyası bölgədəki gərginliyin daha da artacağını göstərir. Bu qərar həm də Avropa İttifaqı daxilində Yaxın Şərq siyasətində yeni cizgilər formalaşdıra bilər.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib.
S.Hümbətov Fələstinin tanınmasından sonra Yaxın Şərqdə yeni siyasi sistemin yaranacağını bildirib:
“Fransa əvvəlcədən Fələstini müstəqil dövlət kimi tanıyacağını elan etmişdi. Beləliklə, Yaxın Şərqdə vəziyyət dəyişəcək. Siyasi mənzərənin dəyişikliyini görəcəyik. Təbii ki, Fələstin bugün muxtariyyət olaraq BMT-də təmsil olunur. İsrailin tənqidlərinə baxmayaraq, Avropa ölkələrinin əksəriyyətində, İspaniyada, İrlandiyada və s. Fələstini tanımaqla bağlı istəklər var. Əksər ölkələr müstəqilliyini tanısa da, BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələrin bir çoxu tanısa, məsələn Çin və Rusiya kimi Fransa da tanısa, Fələstin üstünlüyə doğru getmiş olacaq. Belə olan halda tanıma prosesi daha da rahatlaşdırılmış olar. Fələstinin tanınmağı Yaxın Şərqdə mövqe dəyişikliyinə səbəb olacaq. Siyasi balans ciddi bir şəkildə dəyişə bilər. Fələstinin tanınması 1967-ci il səfərlərinə qayıdış məsələsini gündəmə gətirəcək. Beləliklə, İsrailin bəzi yerləri boşaltması tələb oluna bilər. İsrail bunu basqı mexanizmi şəklində edəcək. Fələstinin müstəqilliyi Yaxın Şərqdə yeni siyasi dövr yaradacaq. Bu isə yeni müharibənin başlanğıcı ola bilər”.
Nicat Rüstəmzadə
21:16 25.07.2025
Oxunuş sayı: 1744