“İsrail və İran arasında baş verən son qarşıdurmalar fonunda danışıqlar qaçılmazdır”- ŞƏRH

Bir neçə gündür ki, İsrail İran ərazisinə qarşı intensiv hava hücumlarına başlayıb. Artıq dörd gündür ki, region genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə müşayiət olunan hərbi əməliyyatların episentrinə çevrilib. Hücumların əsas hədəfi İranın onillərdir inşa etdiyi strateji nüvə obyektlərini sıradan çıxarmaqdır.
İsrailin aviazərbələri nəticəsində Natanz, Arak, İsfahan və Fordo kimi əsas nüvə mərkəzləri ciddi zərər görüb. Qərb mediasının məlumatına görə, bu hücumlar İranın nüvə proqramı üzrə infrastrukturunu azı 40 il geriyə atıb. Həmçinin, zərbələr nəticəsində bir sıra yüksək vəzifəli hərbçilər və aparıcı nüvə alimləri həlak olub.
Tehran cavab zərbələrinə start verərək “qisas bayrağı” qaldırıb. Son dörd gün ərzində İsrailin Müdafiə Nazirliyi, Tel-Əviv və Hayfa şəhərləri raket və PUA hücumlarına məruz qalıb. Ölkənin hava hücumundan müdafiə sistemi – “Dəmir Qübbə” ciddi sınaq qarşısındadır və bəzi hallarda raket axınını tam qarşılayamadığı bildirilir.
Sosial şəbəkələrdə yayılan kadrlarda səmanın ulduzlarla deyil, raketlərin alovlu izləri ilə işıqlanması müasir müharibənin dəhşətli mənzərəsini göz önünə sərir.
Ən diqqətçəkən məqamlardan biri ABŞ Prezidenti Donald Trampın hücumlardan bir neçə saat əvvəl verdiyi açıqlama olub.
“Yaxın Şərqdə böyük bir şey baş vermək üzrədir” deyə bəyan edən Tramp, bölgədə ciddi bir eskalasiyanın qaçılmaz olduğunu vurğulamışdı. O, bu gün Ağ Evin cənub çəmənliyində jurnalistlərə verdiyi açıqlamada İsrail və İran arasında atəşkəs razılaşmasının əldə olunacağını, lakin bunun dərhal baş verməyəcəyini də qeyd edib.
Mövzuyla bağlı Politoloq Sədrəddin Soltan Crossmedia.az-a açıqlamasında bildirib ki, İsrail və İran arasında baş verən son qarşıdurmalar fonunda danışıqların qaçılmaz olması beynəlxalq münasibətlər sistemində artıq aksiom kimi qəbul edilir:
“Bu cür münaqişələr sonda danışıqlarla yekunlaşır. Bu, artıq beynəlxalq praktikada təsdiqini tapmış qanunauyğunluqdur. Məsələn, ötən ilin aprelində İranla İsrail arasında baş verən qarşılıqlı raket hücumları 2025-ci ilin aprelindən etibarən dolayı diplomatik təmaslarla davam etdirildi. Həmin danışıqlar beş mərhələdə keçirilib və bu, hazırkı münaqişənin də perspektivdə danışıqlar yolu ilə həll olunacağından xəbər verir”.
Politoloq hesab edir ki, Trampın son açıqlaması Tehranla Vaşinqton, eləcə də Tehranla Təl-Əviv arasında mümkün dialoqun başlanmasına dair siqnaldır:
“Hesab edirəm ki, Trampın son açıqlaması ABŞ ilə İran, hətta İranla İsrail arasında mümkün danışıqların başlaya biləcəyinə dair bir anons xarakteri daşıyır. İranın xarici işlər naziri Abbas Əraqçi də ötən gün bəyan etdi ki, İsrail atəşi dayandırarsa, İran danışıqlar aparmağa hazırdır”.
S.Soltanın sözlərinə görə, aparıcı beynəlxalq aktorların da dialoqa meyilli mövqeləri danışıqlar mühitini gücləndirir:
“Danışıqlar məsələsi hazırda gündəmdədir. Dünyanın aparıcı gücləri – Türkiyə, Rusiya və Böyük Britaniya da bu məsələdə dialoqu istisna etmirlər. Hətta ABŞ Prezidenti Rusiyanın bu məsələdə vasitəçilik etməsinə belə razılıq verib. Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığında, İranın düşdüyü vəziyyətlə bağlı Ankara rəhbərliyinin vasitəçilik etməyə hazır olduğunu bildirib”.
Politoloq əlavə edib ki, mövcud siyasi dinamika və beynəlxalq reaksiyalar qarşıdurmanın diplomatik yolla nizamlanmasına ümidləri artırır:
“Bütün bu amillər göstərir ki, diplomatik danışıqlar prosesi gündəmdə qalmaqdadır. ABŞ Prezidenti Donald Trampın “yaxın zamanda atəşkəs əldə oluna bilər” fikri isə münaqişənin siyasi yolla həllinə yönəlik cəhdlərin artdığını nümayiş etdirir. İsrailin Baş naziri Benyamin Netanyahunun əməliyyatın 14 gün davam edəcəyini öncədən açıqlaması göstərir ki, bu hərbi kampaniya müəyyən zaman çərçivəsində planlaşdırılıb. Trampın açıqlamaları isə prosesin növbəti mərhələdə danışıqlar masasında davam etdirilə biləcəyini ehtimal etməyə əsas verir”.
Aybəniz Səfərova
23:10 16.06.2025
Oxunuş sayı: 1259