“Nə əkirlər, onu da biçirlər” - Deputatdan açıqlama

İsrailin Baş naziri Benyamin Netanyahunun tərəfdarı olan Channel 14 kanalının verdiyi məlumata görə, Tel-Əviv Livanda tətbiq etdiyi və genişmiqyaslı dağıntılarla müşayiət olunan “Dahiya doktrinası”nı bu dəfə İran kontekstində həyata keçirməyə hazırlaşır. Bu yanaşma mülki infrastrukturun hədəf alınmasını nəzərdə tutur və bölgədə vəziyyətin daha da kəskinləşəcəyinə işarə edir. Belə bir ssenarinin reallaşması təkcə İran üçün deyil, bütövlükdə Yaxın Şərq üçün fəlakətli nəticələr doğura bilər.
Mövzu ilə bağlı deputat Hikmət Babaoğlu Crossmedia.az-a açıqlama verib:
“Hazırda dünyada baş verən dərin strateji dəyişikliklər konteksində ortaya çıxan həqiqət bundan ibarətdir ki, yeni dünya nizamının qurulması üçün xüsusi standartlıqlara beynəlxalqlıqlara riayət etmək lazımdır. Bu standartlıq və beynəlxalqlıqlar vəkalət müharibələrindən imtina etmək, başqa dövlətlərin daxili işlərinə qarışmamaqdan ibarətdir. Təəssüf ki, regionumuzdakı bəzi ölkələr öz siyasətləri nəticəsində özlərini yalnızlaşdırdılar. Biz Azərbaycan olaraq bunu üstümüzdə çox yaxşı hiss etdik. Biz regional kommunikasiyaların açılmasına kimin mane olduğunu, işğalçı Ermənistanı silahlandıranın kim olduğunu, biz torpaqlarımızı azad edən zaman beynəlxalq hüququn normalarına zidd olaraq işğalçı dövlətin əsgərləri ilə birlikdə bizim ordumuzun önünü kəsənlərin kimlər olduğunu, Azərbaycana bir gündə 400 raket atarıq deyənlərin kim olduğunu çox yaxşı bilirik. Məhz bu dövlətlər Azərbaycana göstərdikləri bu münasibəti bütün dünyaya da göstərdikləri üçün bu gün yalnızlaşıblar. Həmçinin onlar bu gün belə bir siyasətin perspektivinin olmadığını da dərk ediblər. Hər bir dövlətin öz maraqları var və bu maraqlardan çıxış edirlər. Ona görə də mən düşünürəm ki, bu mümkün ssenaridir.Nə əkirlər onu da biçərlər”.
Ayhan Ağarzayev
18:03 16.06.2025
Oxunuş sayı: 1225