Rəşad Məcidin təklifi dəstəkləndi: "Şuşada mətbuat muzeyi yaradılsın"

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Şuşada Azərbaycan mətbuat muzeyinin yaradılmasını təklif edib. O bildirib ki, bu, mətbuatın 150 illik yubileyinə ən ciddi töhfələrdən olar.
Məlum olduğu kimi, Şuşadan olan bir çox ziyalı Azərbaycan mətbuatının formalaşmasında mühüm rol oynayıb. Odur ki, Şuşada belə bir muzeyin yaradılması, doğrudan da, əhəmiyyətlidir.
Rəşad Məcidin səsləndirdiyi təklif barədə Crossmedia.az-a danışan "Şərq" qəzetinin baş redaktoru, mətbuat tarixçisi Akif Aşırlı bildirib ki, Bakıda Teatr Muzeyi, İstiqlal Muzeyi, Xalça Muzeyi, hətta Təbiət Muzeyi olduğu halda, bu günə qədər Azərbaycan mətbuat tarixinə həsr olunmuş xüsusi bir muzey mövcud deyil: "Halbuki belə bir muzeyin yaradılması zəruri və vacibdir. 2018-ci ildə "Şərq" qəzeti redaksiyasında bu istiqamətdə mühüm addım atılaraq altı otaqdan ibarət bir məkanda Azərbaycan Mətbuat Tarixi Muzeyi təsis edilib. Hazırda həmin muzeydə 250-dən artıq eksponat toplanıb. Bu, mətbuat tariximizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından təqdirəlayiq təşəbbüsdür. Rəşad Məcidin bu mövzu ilə bağlı irəli sürdüyü təklif isə xüsusilə mühüm tarixi əhəmiyyət kəsb edir. Onun Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində belə bir ideyanı gündəmə gətirməsini yüksək dəyərləndirirəm. Muzeyin Şuşada yaradılması təklifi də olduqca yerində və dəstəklənməyə layiqdir".
A. Aşırlının fikrincə, bu ideya tarixi baxımdan da böyük əhəmiyyət daşıyır: "Çünki Azərbaycan jurnalistikasının təşəkkül tapmasında Qarabağdan olan ziyalıların, mətbuat nümayəndələrinin və jurnalistlərin əvəzsiz rolu olmuşdur. Üzeyir bəy Hacıbəyli və Ceyhun bəy Hacıbəylinin timsalında, eləcə də Zülfüqar bəy Hacıbəylinin Azərbaycanın ilk mədəniyyət qəzeti olan, rəngli formatda nəşr olunan "Övraqi-Nəfisə" məcmuəsini buraxması buna bariz nümunədir. Bu nəşr Azərbaycan mədəniyyəti və ədəbiyyatının ilk jurnal-məcmuələrindən biri hesab olunur.
Bundan əlavə, Əhməd bəy Ağaoğlu, Xəlil İbrahim, Həşim bəy Vəzirov, Firidun bəy Köçərli kimi ziyalıların da Şuşa doğumlu olmaları bu şəhərin Azərbaycan mətbuat tarixindəki əhəmiyyətini daha da artırır. Adını çəkdiyimiz bu şəxsiyyətlərsiz milli mətbuat tariximizi təsəvvür etmək mümkün deyil.
Mən də öz növbəmdə Şuşada Azərbaycan Mətbuat Tarixi Muzeyinin yaradılmasını ürəkdən dəstəkləyirəm və bu istiqamətdə üzərimə düşən hər bir məsuliyyəti və dəstəyi verməyə hazıram".
Ləman Həsənova
15:05 29.05.2025
Oxunuş sayı: 12605