Depressiyanın yeni növü aşkarlanıb
Alimlər depressiyanın əvvəllər kifayət qədər fərqləndirilməmiş yeni bir növünü müəyyən ediblər. Araşdırmaya görə, bu vəziyyət xüsusilə ağır, təkrarlanan və uzunmüddətli depressiya yaşayan insanların təxminən dörddə birində müşahidə oluna bilər.
Crossmedia.az xəbər verir ki, Avstraliyanın Sidney Universitetinin tədqiqatçıları sirkadiyalı depressiya adlandırılan bu vəziyyətin orqanizmin bioloji saatı ilə əlaqəli olduğunu müəyyən ediblər.
10 mindən çox insanın klinik və genetik məlumatlarını təhlil edən alimlər iştirakçıların 2604-də bu depressiya xüsusiyyətlərinə rast gəliblər. Belə şəxslərdə gec yatmağa meyillilik, normadan artıq yuxu, səhərlər yorğun oyanmaq və mövsümi əhval dəyişiklikləri daha çox müşahidə olunub.
Tədqiqatın diqqətçəkən nəticələrindən biri də bu şəxslərin serotonin sisteminə təsir edən ənənəvi antidepressantlara daha zəif reaksiya verməsidir. Alimlər hesab edirlər ki, bioloji ritmləri tənzimləyən işıq terapiyası və melatoninlə əlaqəli müalicə yanaşmaları bəzi pasiyentlər üçün daha uyğun ola bilər.
Tədqiqatın nəticələri British Journal of Psychiatry jurnalında dərc edilib. Mütəxəssislər bildirirlər ki, depressiyanın müxtəlif bioloji xüsusiyyətlərinin müəyyənləşdirilməsi gələcəkdə müalicənin fərdiləşdirilməsinə kömək edə bilər.
03:05 25.11.2026
Oxunuş sayı: 15