Taylandda rusiyalı mefedron istehsalında şübhəli bilinir
Taylandda Rusiya vətəndaşı sintetik narkotiklərin istehsalı üçün gizli laboratoriya təşkil etməkdə şübhəli bilinərək saxlanılıb. Onun yaşadığı evdə narkotik istehsalında istifadə oluna biləcək avadanlıqlar və kimyəvi maddələr aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Naewna” nəşri məlumat yayıb.
Məlumata görə, avadanlıq və kimyəvi maddələrlə dolu qablar Çonburi əyalətinin Banqlamunq rayonunda yerləşən evdə aşkar edilib. Evin ətrafının qara qoruyucu torla hasarlandığı bildirilir.
Polisin məlumatına əsasən, evdə mefedron istehsalında istifadə olunduğu ehtimal edilən alətlər, avadanlıqlar və kimyəvi maddələr tapılıb.
Aşkarlanan maddələrdən nümunələr və digər sübutlar laboratoriya müayinəsi üçün mütəxəssislərə təqdim edilib. Hüquq-mühafizə orqanları saxlanılan şəxsin mümkün şəriklərini və narkotik istehsalının ehtimal olunan təşkilatçılarını müəyyənləşdirməyə çalışır.
Qeyd edək ki, bundan əvvəl Taylandın Pxuket adasında narkotik alverində şübhəli bilinən 37 yaşlı Rusiya vətəndaşı Aleksey Bryuxanov da saxlanılmışdı. Onun kirayə yaşadığı evdə 23 paketə bölünmüş 93,21 qram metamfetamin aşkarlanmışdı. Həmçinin telefonunda narkotik satışına dair yazışmalar və məlumatlar tapılmışdı.
02:08 25.11.2026
Oxunuş sayı: 25