"Dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mətbuat azadlığı prinsipləri tam bərqərar olub" - Deputat

Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir. Bu barədə ölkə başçısı İlham Əliyev Milli Mətbuatın 150 illiyi ilə bağlı media nümayəndələrinə ünvanladığı təbrikində qeyd edib.
Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılmış, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılmış, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirildiyini qeyd edən ölkə başçısı Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biri kimi qiymətləndirib.
Ölkə başçısının fikirləri barədə Crossmedia.az-a Milli Məclisin deputatı, professor Vüqar Rəhimzadə açıqlama verib.
Millət vəkili, Azərbaycan dövlətinin azad və müstəqil mətbuatın
inkişafı üçün heç zaman qayğısını əsirgəmədiyini qeyd edib:
“150 illiyini böyük təntənə ilə qeyd etdiyimiz milli mətbuatımız ötən müddət ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib. Xüsusilə əlamətdar haldır ki, budəfəki yubileyi milli mətbuatımız artıq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanda qeyd edir. Bu gün mediamız ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan dövləti azad, müstəqil mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir”.
Prezident İlham Əliyev milli mətbuatının yaranmasının 150-ci ildönümü münasibətilə mətbuat nümayəndələrinə müraciətində bildirdi ki, Azərbaycan mətbuatının müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir. Müstəqil, güclü, günümüzün tələblərinə cavab verən, xalqın maraqlarını rəhbər tutan mətbuatın inkişafı və onun sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması hər zaman dövlətimizin qarşısında duran prioritet vəzifələrdən olmuşdur. Bu istiqamətdə daim sistemli iş aparılıb, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını, media fəaliyyətinin potensialının və iqtisadi əsaslarının möhkəmləndirilməsini, rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəfləyən normativ-hüquqi baza yaradılıb, informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə əsaslı islahatlar həyata keçirilib.
Deputat həmçinin əlavə edib ki, Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə müstəqil medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib:
“Dövlətin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri tam bərqərar olub. Bu gün ölkəmizdə yüzlərlə media orqanının, jurnalist təşkilatlarının və ictimai birliklərin fəaliyyəti, internet istifadəçilərinin sayının 85 faizdən çox olması ölkəmizdə müstəqil, güclü, azad media institutunun formalaşmasının təsdiqidir. Mediamız müasir dövrün çağırışlarını nəzərə alaraq milli informasiya təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim ön planda saxlamaq, peşə etikasına riayət etmək, jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürməklə cəmiyyətimizin inkişafının öz töhfəsinin verməkdə davam edəcək”
Elmir Heydərli
16:41 23.07.2025
Oxunuş sayı: 1942