Kannabis istifadəsi psixoz riskini daha erkən yaşlara çəkə bilər
Kannabis istifadəsinin psixi sağlamlığa təsiri ilə bağlı aparılan geniş beynəlxalq araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Məlum olub ki, kannabis istifadə edən şəxslərdə psixozun ilk epizodu istifadə etməyənlərlə müqayisədə orta hesabla 2,5 il daha erkən meydana çıxır.
Crossmedia.az xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels Universitetinin alimləri 71 mindən çox insanı əhatə edən 149 tədqiqatın nəticələrini təhlil ediblər.
Araşdırma zamanı müəyyən edilib ki, fərq yaş artdıqca daha da böyüyür. Psixozun 20-24 yaşlarında başladığı qruplarda kannabis istifadəçiləri arasında xəstəlik təxminən 1,6 il daha erkən müşahidə olunub. 25-29 yaş qrupunda bu fərq 4,43 ilə, 30 yaşdan yuxarı şəxslərdə isə 6,3 ilə çatıb.
Tədqiqatçılar hesab edirlər ki, kannabisin psixikaya təsiri yalnız yeniyetməlik dövrü ilə məhdudlaşmır. Uzunmüddətli istifadə psixi sağlamlıq risklərinin zamanla artmasına səbəb ola bilər.
Bununla belə, alimlər araşdırmanın müşahidə xarakterli olduğunu və kannabisin birbaşa psixoza səbəb olduğunu qəti şəkildə sübut etmədiyini vurğulayırlar.
Tədqiqatın nəticələri "Biological Psychiatry" jurnalında dərc olunub.
04:07 25.11.2026
Oxunuş sayı: 24